Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq?

Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq?

Neft “OPEC+”ın hasilatı gözləniləndən daha çox artırmaq qərarından sonra ucuzlaşıb.

Məhz "OPEC+"ın hasilatı gözlənildiyindən daha çox artırmaq qərarı və ABŞ-nin gömrük vergiləri (tarifləri) neftə tələb ilə bağlı narahatlıqları daha da artırıb.

Belə ki, “Brent” markalı neft cümə günü 0,7 faiz ucuzlaşdıqdan sonra bir bareli 68,05 dollar olub (Bakı vaxtı ilə saat 09:30-a olan məlumat). ABŞ xam nefti (WTI) 66 dollardan aşağı düşüb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi qrup şənbə günü gündəlik hasilatı 548 000 barel artırmağa razılaşaraq, “OPEC+”ın hasilatın azaldılmasının son raundunu planlaşdırılandan bir il əvvəl dayandırıb.

Bu addım həm də ABŞ Prezidenti Donald Trampın yanacağın qiymətinin aşağı salınması ilə bağlı çağırışlarına cavabdır.

Qeyd edək ki, bu dəfə qiymətlərin enməsi sadəcə qlobal tələbatla yox, daxili strateji qərarla da əlaqələndirilir. Rəqəmlər aşağı düşür, amma suallar artır: neft hansı həddə qədər ucuzlaşa bilər?

Mövzu ilə bağlı "Cebheinfo.az”-a danışan iqtisadçı-alim Fuad İbrahimov bildirib ki, hazırda neftin qiymətində ciddi ucuzlaşma müşahidə olunmur:

“Neftin qiymətinin 1-2 dollar azalması ucuzlaşma trendi hesab oluna bilməz. Azərbaycan iqtisadiyyatı üçün neftin qiymətinin 60-75 dollar olması normal hesab olunur. Son vaxtlarda bu sahədə üfüqi dalğalanma stabil qiymət prosesi kimi qəbul olunmalıdır. Qiymətlərin hara qədər düşə bilməsi məsələsinə gəldikdə, zamanla neft qiymətləri müəyyən təlatümlu dövr yaşayıb”.

O bildirib ki, spekulativ təsirlər baş vermədiyi təqdirdə, neft qiymətləri 60–75 dollar aralığında stabil qala bilər:

“Pandemiya dövründə dünyada neft qiymətlərinin rekord həddə, hətta qərb neftinin birjalarda maya dəyərindən aşağı qiymətə satıldığının da şahidi olduq. Bu gün Azərbaycan iqtisadiyyatı üçün neftin qiymətinin 60-75 dollar olması normal hesab olunur.

Məhz “OPEC” və “OPEC+” formatı fəaliyyət göstərən ölkələr bu hasilatın tənzimlənməsində bir sıra addımlar atıb. Hazırda neftin qiymətində ciddi bir qiymət ucuzlaşması gorünmür, belə bir praqnozlaşdırma da hazırda gündəmdə deyil. Amma hər bir halda nəzərə almaq lazımdır ki, bazarda spekulativ alətlər mövcuddur”. 

Gülər
"Cebheinfo.az"