12 günlük müharibə: Qalib kimdir, məğlub kim?

“12 günlük İran-İsrail müharibəsində tərəflərin heç biri hədəflərinə çata bilmədi”.
Bu sözləri ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Cebheinfo.az”-a açıqlamasında deyib.
O diqqətə çatdırıb ki, atəşkəs qərarından sonra həm İsrail, həm də İran tərəfindən qələbə qazandıqlarına dair bəyanatlar verilir:
“Hər iki ölkə də bütün məqsədlərinə çatdığını bəyan edir. Ancaq hansı məqsədlərdən söhbət getdiyi isə sual altındadır. Görünən odur ki, müharibənin başlaması İsrail və ABŞ tərəfindən birgə düşünülmüş addım idi.
Arada yüzlərlə insan həyatını itirdi, habelə xeyli dağıntılar var. Əslində, 12 günlük savaş əsasən ziddiyyətli bəyanatlarla yadda qaldı. ABŞ, İsrail və İran tərəfindən verilən bəyanatlar bir-birilə uyğun gəlmirdi. Ona görə də dünya bu müharibənin nə üçün başladığını və niyə bitdiyini başa düşmür”.
Onun sözlərinə görə, İsrail İranın nüvə təhdidinin qarşısını ala bilmədi:
“Yəqin ki, ABŞ Prezidenti Donald Tramp İsrailin daha böyük itkilərə və dağıntılara məruz qalacağına Benyamin Netanyahunu inandıra bilib. Ona görə belə bir razılıq əldə olunub.
Çünki əsas hədəf İranın uranın zənginləşdirilməsinin və nüvə təhdidinin qarşısını almaq idi. Lakin İranın uranın zənginləşdirilməsi ilə bağlı ciddi itkisi olmayıb. Uranın məhv edilməsinə dair hansısa fakt yoxdur. Üstəlik, İsrail ərazisində xeyli dağıntılar və itkilər oldu.
Ümumiyyətlə, İsrail İranın nüvə proqramından çəkindirə bilmədi. Lakin ən azından bu prosesdə müəyyən axsamalar və gecikmələr olacaq”.
Ekspert qeyd edib ki, bu müharibədə İranın da ciddi boşluqları olduğu üzə çıxdı:
“Bu savaş Trampın İrana zərbə endirməklə bağlı təkbaşına qərar qəbul etməsi və İsrailin bütün regionu təhlükə altında qoyması ilə yadda qaldı.
Eyni zamanda, İranın da hansı boşluqları olduğu üzə çıxdı. Ölkənin baş qərargah rəisi və kəşfiyyat rəisinin öldürülməsi bunun əyani şəkildə sübutudur.
Xeyli dağıntıların olması, eləcə də zərbələrin qarşısının alına bilməməsi də İranın müdafiəsində və təhlükəsizliyində olan boşluqları göstərir. Bütün bunların fonunda, İran ordusunun əslində hansı gücdə olduğu da göründü”.
Polkovnik hesab edir ki, 12 günlük savaşda nə İran, nə də İsrail qələbə qazandı:
“Bu, sadəcə Donald Tramp üçün zəfər oldu. Çünki o, indiyə qədər heç bir nəticə əldə etmirdi. İndi isə Amerikanın hərbi gücünü dünyaya göstərdi. Həmçinin, müharibəni dayandırdığını və tərəfləri bir masa arxasına gətirdiyini geniş təbliğ etməyə başlayacaq.
Artıq İsrail də dəstəyə görə ABŞ və Trampa təşəkkür edib. Onlar İranın nüvə təhlükəsinin aradan qaldırdığına görə Trampa minnətdarlıq edirlər. Lakin bununla bağlı ortada hər hansısa sübut yoxdur. Yəni bu müharibədə hər hansısa böyük bir nəticə qeydə alınmadı. 12 günlük “oyun” tərəflərə heç bir nəticə gətirməyən sonluqla bitdi”.
Elmir Mustafa
“Cebheinfo.az”