Bakı-Tbilisi–Bakı qatarından sərnişin narazılığı: Qiymət baha, internet yox, 50 manat əlavə ödəniş
Rəsul Məmmədov adlı sərnişin sosial media hesabıda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin baqaj qaydalarının sərt tətbiqi nəticəsində əlavə ödənişə məcbur edildiyini bildirir.
“Cebheinfo.az” xəbər verir ki, sosial şəbəkə hesabında şikayətçi “Azərbaycan Dəmir Yolları” ilə yaşadığı problemlə bağlı narahatlığını qeyd edib.
Şikayətçi bildirib ki, Tbilisi–Bakı istiqamətində 231,29 manat dəyərində lüks sinif bileti almasına baxmayaraq, göstərilən xidmətlər gözləntilərini doğrultmayıb.
Onun sözlərinə görə, Tbilisi–Bakı istiqamətinə bilet alarkən ayrıca kupe, yüksək səviyyəli xidmət və əlavə komfort gözləsə də, kupenin iki nəfərlik olduğu, qidalanmanın bilet qiymətinə daxil edilmədiyi və çay kimi sadə xidmətlərin belə təqdim olunmadığı məlum olub.
O qeyd edib ki, əsas çamadanından əlavə 6 kiloqramlıq əl çantasına görə ondan 50 manat əlavə ödəniş tələb olunub.
Onun iddiasına görə, digər sərnişinin həmin çantanı öz adına rəsmiləşdirmək təklifi də qəbul edilməyib.
Rəsul Məmmədov qatarın internet xidmətinin işləmədiyini, kupedə televizorun fəaliyyət göstərmədiyini, restoran vaqonundakı qiymətlərin yüksək, sifarişlərin isə gec çatdırıldığını da bildirib.
O, əlavə xərcləri də nəzərə aldıqda qatarla səyahətin ona gözlədiyi üstünlüyü vermədiyini və gələcəkdə bu marşrut üzrə təyyarə ilə səyahətə üstünlük verəcəyini vurğulayıb.
Qeyd edək ki, sözügedən fikirlər feysbuk sosial şəbəkəsində Rəsul Məmmədov tərəfindən paylaşılıb və hazıda “Azərbaycan Dəmir Yolları” hələlik məsələ ilə bağlı rəsmi mövqe açıqlamayıb.
Aişə Abdulova
“Cebheinfo.az"


