100 illik peyvənd möcüzə göstərdi
Bir əsrdən çox əvvəl vərəmin qarşısını almaq üçün hazırlanmış peyvənd müəyyən diabet formalarından əziyyət çəkən insanlara qan şəkəri səviyyələrini daha yaxşı idarə etməyə və insulin ehtiyaclarını azaltmağa kömək edə bilər.
“Cebheinfo.az” xəbər verir ki, bunu II fazalı klinik sınaqların nəticələri göstərib.
Sözügedən peyvənd 20-ci əsrin əvvəllərində mal-qara vərəminə səbəb olan zəifləmiş bakteriya ştammından istifadə edərək hazırlanmış Bacillus Calmette-Guérin (BCG) peyvəndidir. Peyvənd əvvəlcə vərəmdən qorunmaq üçün nəzərdə tutulsa da, son illərdə alimlər onun sidik kisəsi xərçəngi, Alzheimer xəstəliyi və otoimmun xəstəliklər də daxil olmaqla müxtəlif xəstəliklərdə potensial effektivliyini araşdırırlar.
Tədqiqatın nəticələri Massaçusets Ümumi Xəstəxanasının həkimi Denis Faustman tərəfindən Yeni Orleanda keçirilən Amerika Diabet Assosiasiyasının illik konfransında təqdim edilib. O, BCG peyvəndinin otoimmun diabet formalarından əziyyət çəkən insanlarda qlükoza nəzarətini yaxşılaşdırmağa kömək edə biləcəyini bildirib. 1-ci tip diabet də daxil olmaqla, bu xəstəliklərdə immun sistemi səhvən insulin istehsal edən mədəaltı vəzinin beta hüceyrələrinə hücum edir.
Alimlər iki qrup xəstəni araşdırıblar: erkən başlanğıclı 1-ci tip diabetli (21 yaşdan əvvəl) və adətən 30 yaşdan sonra inkişaf edən yetkinlərdə gizli otoimmun diabetli (LADA) xəstələr. Hər iki qrupda BCG peyvəndi insulin tələbatının azalması ilə əlaqələndirilib.
Tədqiqatda LADA xəstəsi olan 95 nəfər iştirak etdi. Onlardan 68-i beş il ərzində altı doza BCG qalanları isə plasebo aldı. Peyvənd qan şəkərinin səviyyəsini əhəmiyyətli dərəcədə azaltmasa da, peyvənd olunmuş iştirakçılarda orta insulin tələbatı təxminən 3% azalıb. Əksinə, plasebo qrupunda insulin tələbatı eyni dövrdə təxminən 22% artıb.
Tədqiqatçılar hesab edirlər ki, BCG-nin immunomodulyator təsiri insulin istehsal edən beta hüceyrələrinin funksiyasını qorumağa kömək edir, onların məhvini və otoimmun prosesinin irəliləməsini ləngidir.
Mütəxəssislərin fikrincə, tapıntılar BCG-nin 1-ci tip diabetin inkişafının qarşısını ala və ya basdıra biləcəyini göstərən əvvəlki heyvan tədqiqatlarının nəticələri ilə uyğundur.
Bu təsiri təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac olsa da, alimlər nəticələri ümidverici və otoimmun diabetin gələcək müalicəsi üçün potensial olaraq vacib adlandırırlar.
Xəzər
“Cebheinfo.az”


