Azərbaycanda bu məhsullar bahalaşıb – SİYAHI
Havaların isinməsi ilə əlaqədar olaraq bəzi qida məhsullarının daha tez xarab olması ehtimalı artıb.
Bu isə xüsusilə saxlanma şəraiti temperaturdan birbaşa asılı olan məhsulların bazar qiymətlərinə təsir göstərməyə başlayıb.
“Cebheinfo.az”-ın araşdırmasına əsasən, son günlər müşahidə olunur ki, tez xarab olan məhsulların, o cümlədən konfet, şirniyyat, mayonez və xama kimi məhsulların qiymətində artım qeydə alınıb.
Mütəxəssislər bunu yay mövsümündə məhsulların daşınması və saxlanmasının daha çətin olması ilə izah edirlər.
Bu məhsulların keyfiyyətini qorumaq üçün zəncirvari soyuducu sistemlərin mövcudluğu vacib olsa da, bütün satış və daşınma mərhələlərində buna tam əməl olunmaması müəyyən problemlər yaradır.
Eyni zamanda, süd və süd məhsulları, ət və ət məhsulları, balıq və dəniz məhsulları, eləcə də kremli və yumşaq teksturalı şirniyyatlar daha yüksək risk qrupuna daxildir.
Bu məhsullar temperatur dəyişikliklərinə qarşı həssas olduğundan, düzgün saxlanılmadıqda qısa müddətdə istifadəyə yararsız hala düşə bilər.
Meyvə və tərəvəzlər arasında da xüsusilə giləmeyvələr və yumşaq meyvələr yay aylarında daha tez xarab olur. Yarpaqlı tərəvəzlər isə istilik və rütubətə qarşı davamlı olmadığından keyfiyyət itkisi daha sürətli baş verir.
Yay mövsümündə temperaturun artması yalnız məhsulların saxlanma müddətini qısaltmır, həm də bazarda qiymətlərə təsir göstərir.
Gülər Həsənli
“Cebheinfo.az”


