Çimərlik mövsümü başlayır: Təhlükəsiz istirahətin şərtləri nələrdir?
Yay mövsümünün gəlişi ilə çimərliklərdə insan sıxlığı xeyli artır və bu, təbii olaraq təhlükəsizlik məsələlərini də ön plana çıxarır.
Dənizkənarı istirahət məkanlarında xilasetmə xidmətlərinin fəaliyyəti, nəzarət zonalarının düzgün təşkil olunması və qaydalara əməl edilməsi insanların təhlükəsiz istirahəti üçün əsas şərtlərdən sayılır.
Xüsusilə isti havalarda və turist axınının çoxaldığı günlərdə risklərin artması bu sahədə daha ciddi nəzarət mexanizmlərini zəruri edir.
Bəs çimərliklərdə təhlükəsizliyin təmin olunması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, yay mövsümündə çimərliklərə axınların artması ilə paralel olaraq təhlükəsizlik tədbirlərinə də xüsusi diqqət yetirilir.

Onun sözlərinə görə, ictimai çimərliklərdə xilasedicilərin fəaliyyəti və nəzarət olunan zonaların mövcudluğu bu baxımdan mühüm rol oynayır:
“Hava şəraiti ilə bağlı mütəmadi olaraq vətəndaşlara məlumatlar verilir, xüsusilə təhlükəli ərazilərdən uzaq durmaq tövsiyə olunur. Qaydalara riayət olunması üçün bir çox yerlərdə xəbərdarlıq nişanları yerləşdirilir.
Özəl çimərliklərdə və su hövzələrinin ətrafında da nəzarətçilərin olması təhlükəsizlik baxımından vacibdir. Dünyada qəbul olunmuş standartlara əsasən, çimərliklərdə xilasedicilərin olması mütləqdir ki, mümkün qəza halları minimuma endirilsin.
Eyni zamanda dərinlik və təhlükəli zonalarla bağlı xəbərdarlıq işarələri qoyulmalı, insanlar da bu qaydalara ciddi əməl etməlidirlər. Təhlükəsizliklə yanaşı, təmizlik qaydaları da unudulmamalıdır”.
Ekspert əlavə edib ki, bu istiqamətdə maarifləndirmə işləri təkcə çimərliklərdə deyil, media vasitəsilə də davamlı şəkildə aparılmalıdır və xəbərdarlıq lövhələrinin sayı artırılmalıdır.
Aişə Abdulova
“Cebheinfo.az”


