Kirayə avtomobilə tələb olunmayan etibarnaməni ər-arvaddan niyə istəyirlər?
Azərbaycanda avtomobil idarə etmək üçün tələb olunan etibarnamə sistemi uzun illərdir müzakirə mövzusu olaraq qalır.
Mövcud qaydalara görə, vətəndaş özünə məxsus olmayan avtomobili idarə etmək üçün notariat qaydasında təsdiqlənmiş etibarnamə almalıdır. Bu tələb ailə üzvlərinə də aiddir. Belə ki, ata övladına, həyat yoldaşları bir-birinə və ya dost dostuna avtomobilini etibarnamə olmadan idarə etmək üçün verə bilmir.
Halbuki dünyanın bir çox ölkəsində avtomobildən istifadə hüququ nəqliyyat vasitəsinin sahibinin razılığı ilə müəyyən edilir və əlavə sənəd tələb olunmur. Dövlət xidmətlərinin sürətlə rəqəmsallaşdığı, bir çox prosedurların elektron qaydada həyata keçirildiyi bir dövrdə Azərbaycanda etibarnamənin hələ də qüvvədə qalması vaxtaşırı suallar yaradır.
Xüsusilə etibarnamələrin alınması üçün ödənilən rüsumlar və əlavə xərclər bu mövzu ətrafındakı müzakirələri daha da artırır.
Avtomobil idarə etmək üçün etibarnamə tələbi niyə ləğv olunmur?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, müasir dövrdə avtomobil idarə etmək üçün etibarnamə vacib tələb sayılmamalıdır:
.jpg)
“Avtomobil idarə etmək üçün notarial qaydada təsdiqlənmiş etibarnamələrin verilməsi artıq keçmişdə qalmış bir tələbin davamı kimi görünür. Bu yanaşma daha çox Sovet dövrünün idarəetmə modelindən qaynaqlanırdı. Halbuki bu gün rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi şəraitdə belə tələblərin aktuallığı ciddi suallar doğurur.
Məsələn, hazırda Bakıda fəaliyyət göstərən "car sharing" xidmətlərindən istifadə edən vətəndaşlar mobil tətbiq vasitəsilə avtomobili sifariş edir, ödənişini həyata keçirir və heç bir notarial etibarnamə almadan həmin nəqliyyat vasitəsini idarə edə bilirlər.
İstifadə müddəti başa çatdıqdan sonra isə avtomobili müəyyən edilmiş ərazidə saxlayaraq xidməti tamamlayırlar. Əgər vətəndaş heç bir notarial etibarnamə olmadan kirayə avtomobili idarə edə bilirsə, o zaman ailə üzvünə və ya yaxın qohumuna məxsus avtomobili sürmək üçün ayrıca notarial təsdiqlənmiş etibarnamə tələbinin nə dərəcədə zəruri olduğu sual yaradır.
Əlbəttə, söhbət avtomobilin mülkiyyət hüququnun başqa şəxsə verilməsindən getdikdə, notarial qaydada rəsmiləşdirmə vacibdir. Çünki bu halda söhbət əmlak üzərində hüquqların ötürülməsindən gedir. Lakin avtomobilin sadəcə idarə olunması üçün, məsələn, həyat yoldaşına, övladına, atasına və ya digər yaxın qohumuna verilməsi hallarında notarial etibarnamə tələbi artıq müasir dövrün reallıqları ilə tam uzlaşmır”.
O qeyd edib ki, hazırda Azərbaycanda avtomobili başqa şəxsə idarə etmək üçün vermək istəyən vətəndaş notariusa müraciət etməli, əlavə vaxt və maliyyə xərci çəkməlidir:
“Rəqəmsal texnologiyaların geniş tətbiq olunduğu bir dövrdə bu prosedurun sadələşdirilməsi və ya ləğv edilməsi məsələsi müzakirə mövzusu ola bilər. Mövcud reallıqlar nəzərə alınaraq, avtomobili idarə etmək üçün notarial qaydada təsdiqlənmiş etibarnamə tələbi ləğv edilməlidir.
Bu tələb vətəndaşlar üçün əlavə vaxt itkisi və maliyyə yükü yaradır. Halbuki dövlət xidmətlərinin rəqəmsallaşdırıldığı, məlumat bazalarının inteqrasiya olunduğu müasir dövrdə avtomobilin kimə məxsus olduğunu və onu kimin idarə etdiyini müəyyən etmək texniki baxımdan çətin deyil.
Vətəndaşın öz avtomobilini həyat yoldaşına, övladına, valideyninə və ya digər şəxsə idarə etmək üçün verməsi mülkiyyət hüququnun ötürülməsi deyil. Buna görə də belə hallarda notarial etibarnamə tələb olunması artıq dövrün tələblərinə cavab vermir”.
Gülər Həsənli
“Cebheinfo.az”


