Azərbaycana daha çox valyuta gəlir
Dünya birjalarında neft qiymətləri Yaxın Şərqdən gələn xəbərlərin təsiri ilə artıb. Londonun ICE birjasında "Brent" markalı xam neftin bir bareli 92,11 dollar, Nyu-Yorkun NYMEX birjasında "WTI" markalı neftin bir bareli isə 88,80 dollar olub.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 4,82 ABŞ dolları (4,82%) azalaraq 95,27 dollar təşkil edib.
Yaxın Şərqdəki gərginlik səbəbindən gündəlik təxminən 11-12 milyon barrel neftin bazara çatdırılmasında kəsinti yaranıb.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, bu, Hörmüz boğazı vasitəsilə daşınan xam neftin və neft məhsullarının axınının minimuma enməsi nəticəsində baş verib. Mövcud vəziyyət dünya iqtisadiyyatında hansı böhranı yarada bilər və Azərbaycana təsiri necə olacaq?
Məsələ ilə bağlı millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, Yaxın Şərqdə baş verənlər dünya iqtisadiyyatına təsir göstərir:

“Belə ki, 2026-cı il üçün qlobal iqtisadi artım proqnozlarına baxılıb və onun azaldılması həyata keçirilib. Bu, son hadisələrin qlobal iqtisadiyyata təsirinin yüksəlməsi ilə bağlıdır.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu, həm də neftin qiymətində öz əksini tapır. Ümumiyyətlə, mart ayından etibarən neftin qiymətində artım müşahidə edirik və bu davam edir. Baxmayaraq ki, volotillik var, bəzi hallarda neftin qiymətinin müəyyən qədər azalması müşahidə edilir.
Bütövlükdə fevral ayı ilə müqayisə etsək, neftin revazer qiymətində (daha çox neft sənayesində və makroiqtisadiyyatda istifadə olunan, xam neftin 1 barrelinin dövlət büdcəsində nəzərdə tutulan baza – red. ) təxminən 40 faizə yaxın artım qeydə alınıb. Bütün bunlarla yanaşı, çox vacib məqamlardan biri məhz region ölkələrinin iqtisadiyyatına təsirləridir”.
İqtisadçının sözlərinə görə, Yaxın Şərqdə baş verənlərin Azəbaycan iqtisadiyyatına təsirləri neftin qiymətinin yüksək olması ilə ölçülür:
“Neftin revazer qiymətinin yüksək olması bütövlükdə ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır. Bu da Dövlət Neft Fondunun gəlirlərinin artması, valyuta ehtiyatlarımızın çoxalmasında özünü göstərir. Azərbaycan regionda stabillikdə maraqlı olan ölkədir.
Eyni zamanda, neftin revazer qiymətinin stabil olmasında, volotilliyin neft bazarında yüksək olmamasında maraqlı olan ölkədir. Bütövlükdə Azərbaycan iqtisadiyyatına təsirləri neftin dünya bazar qiymətindəki dəyişikliklə bağlıdır”.
Nigar Abdullayeva
“Cebheinfo.az”


