Ağdaşda qardaşını öldürən şəxsə hökm oxunub

Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Qalib Musayevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Qalib Musayev 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Ağdaş rayonunda baş verib. Qalib Musayev mübahisə nəticəsində qardaşı Mirmehdi Musayevi bıçaqlayaraq qətlə yetirib.
Hadisənin mülk üstündə mübahisə zəminində baş verdiyi bildirilib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
"Cebheinfo.az"