Müharibəyə dair plan üzə çıxdı: Nazirlər üçün sığınacaqlar...

Britaniya hökuməti Rusiya ilə mümkün müharibə üçün hərtərəfli fəaliyyət planı hazırlayır.
"Cebheinfo.az" xəbər verir ki, “The Telegraph” qəzetinin yazdığına görə, plan mümkün münaqişənin ilk günlərində atılacaq addımları təfərrüatı ilə izah edir. Hazırlanan gizli sənəd üç fərqli müharibə ssenarisini əhatə edir.
Əvvəlcə adi müharibə ssenarilərini, daha sonra nüvə münaqişəsi ehtimalını və nəhayət, kibermüharibə imkanlarını qiymətləndirilir. İngiltərənin Rusiya ilə müharibəyə hazırlıq planı çərçivəsində Kral ailəsi, nazirlər üçün təhlükəsiz sığınacaqların təyin edilməsi və təcili yayım sistemlərinin hazırlanması da var.
Bundan əlavə, strateji resurs ehtiyatlarının artırılması və hökumətin müharibə elanına ilk reaksiyalarının prosedura uyğunlaşdırılması da plan çərçivəsində tənzimlənəcək. Qəzet vurğulayır ki, bu hazırlıqların əsas səbəbi Kremldən qaynaqlanan təhlükəsizlik narahatlıqlarının artmasıdır.
Bildirilir ki, Britaniya rəsmiləri son vaxtlar Rusiyanın hərbi potensialında baş verənləri diqqətlə izləyir. Hesabatda müdafiə üzrə analitik Aleks Kraynerin Avropanın hərbi potensialı ilə bağlı qiymətləndirmələri də yer alıb. "Avropanın yenidən silahlanma imkanları olsa belə, onun Rusiya üzərində qələbə şansı yoxdur. Onlar onilliklər ərzində ABŞ-dən asılı vəziyyətdədirlər. Avropanın real ordusu yoxdur", - Krayner bildirib.
Mütəxəssislər İngiltərənin hazırlıqlarının digər NATO ölkələri tərəfindən də eyni şəkildə həyata keçirildiyini, lakin İngiltərənin xüsusilə nüvə gücü statusuna görə daha əhatəli planlar qurduğunu bildirirlər. Müdafiə mərkəzləri bu cür planların çəkindirici məqsəd daşıdığını vurğulayır, lakin gərginliyin artması riskinə qarşı ehtiyatlı olmaq lazımdır.
Nigar Hacılı
"Cebheinfo.az"