Azərbaycanda nikahla bağlı YENİLİK

Azərbaycanda nikahla bağlı YENİLİK

Məhkəmənin baxdığı hüquqi əhəmiyyətli faktların siyahısından “ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının” çıxarılması təklif edilir.

Bakupost.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır.

Qanun layihəsində yuxarıdakı maddənin ləğv edilməsi təklif olunur.

Bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilib ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən, 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslər faktiki birgə yaşadığı vaxtı göstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirə bilərlər.

1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə qeydiyyat şöbəsi və konsulluq idarəsi faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən, nikah münasibətlərinin başlanması vaxtını göstərir.

Beləliklə, yuxarıda nəzərdə tutulmuş faktiki nikah münasibətlərində olma faktı 1944-cü il iyulun 8-dən qabaq başlanıb ər-arvadın birinin vəfatına qədər davam etdiyi halları nəzərdə tutur.

Bununla belə, həmin tarixdən yarım əsrdən artıq zaman keçdiyindən 1944-cü il iyulun 8-dək faktiki nikah münasibətlərində olma faktının tanınması ilə bağlı belə nikahın tərəflərindən birinin hazırda məhkəmələrə müraciət etmələri müddət baxımından real görünmür.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

"Cebheinfo.az"