Türkiyəli həkimdən Baydenin xəstəliyi ilə bağlı ŞOK AÇIQLAMA

ABŞ-nin 82 yaşlı keçmiş prezidenti Co Baydenə irəliləmiş prostat xərçəngi diaqnozu qoyulması və xəstəliyin sümüklərə metastaz verməsi ABŞ ictimaiyyətində ciddi rezonansa səbəb olub.
Bəs Baydenin prostat xərçəngi niyə bu qədər gec aşkar olunub?
“Cebheinfo.az” xəbər verir ki, Baydenin gündəmdə olan xəstəliyi ilə bağlı türkiyəli həkim, dosent Dr. Emre Salabaş açıqlama verib.
O bildirib ki, prostat xərçənginin aşkarlanmasında ilk və ən sadə üsullardan biri qanda PSA (prostat spesifik antigen) testidir:
“Asan və sürətli şəkildə aparılan bu testin nəticələri yaş qrupuna görə yüksəkdirsə, bu, daha dərindən müayinəyə, prostat MRT-si və biopsiya kimi testlər üçün zəmin yaradır.
Ancaq məlum olub ki, Baydenə yalnız 72 yaşında PSA testi aparılıb və prostat müayinəsi edilib. Halbuki 82 yaşına qədər, yəni son 10 ildə onun prostat vəzi ilə bağlı heç bir yoxlaması aparılmayıb”.
O qeyd edib ki, ailəsində prostat xərçəngi və ya BRCA mutasiyaları olan riskli şəxslərdə prostat xərçəngi üçün skrininq testlərinə 40 yaşdan etibarən başlanmalıdır:
“Normal risk daşıyan kişilərdə isə 50 yaşdan başlayaraq, ən azı hər iki ildən bir prostat xərçəngi müayinəsi aparılmalıdır. Amma 70-75 yaşından sonra müraciət edənlərdə PSA testi aparılması uroloji qaydalarda tövsiyə edilmir. Baydenin problemi də məhz buradan başlayır. 72 yaşdan sonra ona PSA testi aparılmayıb və nəticədə aqressiv xarakterli prostat xərçəngi gec aşkarlanıb. Halbuki erkən diaqnozla cərrahiyyə, şüa terapiyası və ya fokuslanmış müalicə üsulları ilə bu xəstəlik aradan qaldırıla bilər və ya heç olmasa digər orqanlara yayılmasının qarşısı alına bilərdi”.
Türkiyəli həkim vurğulayıb ki, PSA testinin aparılmaması ilə bağlı tövsiyələrin əsas səbəbi, gözlənilən ömür müddətinin 10 ildən az olmasıdır:
“Lakin insanların ömürü uzandıqca, həm tibbi qaydalarımızı, həm də vərdişlərimizi yenidən nəzərdən keçirməliyik. Buradan çıxarılacaq ən vacib dərs odur ki, hər bir müayinə və müalicə üsulu xəstə mərkəzli olmalı və ümumi qaydalar hər kəs üçün uyğun olmaya bilər”.
Dr. Salabaş əlavə edib ki, PSA testi, Prostat Spesifik Antigen adlanan bir zülalın qandakı səviyyəsini ölçən sadə bir qan testidir:
“Bu zülal prostat vəzi tərəfindən ifraz olunur və normal halda qanda aşağı səviyyədə olur. Ancaq prostat vəzi ilə bağlı bir problem, məsələn, böyümə, iltihab və ya xərçəng olduqda bu səviyyə yüksəlir”.
Qeyd edək ki, dünya üzrə kişilərdə ən çox rast gəlinən xərçəng növlərindən biri olan prostat xərçəngi, xüsusilə 50 yaşdan yuxarı kişilər üçün ciddi təhlükə yaradır. Bu xəstəlik sakit və gizli şəkildə irəlilədiyi üçün erkən diaqnoz qoyulmadıqda həyati risk daşıya bilər.
Əfsanə
“Cebheinfo.az”