Stomotoloqlar nəyə etiraz edir?

Stomotoloqlar nəyə etiraz edir?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlara tələb qoyulub.

Belə ki, paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul vəsaiti tələb olunur. Bu tələb stomatoloqların ciddi narazılığına səbəb olub.

Sosial şəbəkdə yayılan məlumata görə, may ayının 22-də 400-dən çox stomatoloqun TƏBİB-in binasının qarşısında etiraz aksiyası keçirməsi nəzərdə tutulub. Bir qrup stomotoloq mövcud qərarla bağlı müraciət qəbul edib. 

TƏBİB tərəfindən irəli sürülən tələb nə dərəcədə doğrudur?

Həkim-stomatoloq Zəlimxan Məmmədli “Cebheinfo.az”a bildirib ki, TƏBİB-in bu qərarını indiki durumda birmənalı şəkildə dəyərləndirə bilmərəm:

“Azərbaycanda mövcud qanunvericiliyə görə dövlət müəssisələri pulsuz xidmət göstərməlidirlər. Bu birmənalı belədir. Hər hansı bir xidmət sahəsinin pullu olması haqqında bizim qanunvericilikdə tələb yoxdur.

İkinci bir tərəfdən səhiyyəmizin vəziyyəti yaxşı deyil. Mən 42 ilin həkimiyəm. Dinamika yüksələn xətt üzrə getmir, əksinə, enişdədir. Həkimlərin iddiaları doğrudur. Həkim nə qədər qazanır ki, o qədər də icarə haqqı versin. 

Bunun fundamental elmi əsası yoxdur. Bu, bəlkə də səhiyyəyə yanaşma xətasıdır. Yaxud da stomotoloq dedikdə pul yada düşür, bununla bağlı xətadır. Bunun elmi, nəzəri, mənəvi əsasları yoxdur. Bunu müəssisə rəhbərləri də deyir ki, anormal olan bir haldır.

Səhiyyə pulsuzdursa, tibbi təchizat olmalıdır, dərman gəlməlidir, avadanlıq olmalıdır. Mən özüm də 42 ilin stomotoloqu olaraq bu vaxta qədər otağımın bütün ləvazimatları, aparatura, dava-dərmanı da mənimdir. Başqa variant, alternativ də yoxdur.

Ona görə də bu sahədə islahat aparılmalıdır. Ola bilər ki, təsərrüfat hesabına keçid olsun. Ümumi bir qərar qəbul olunsun, qanunvericilikdə dəyişiklik olunsun. Bu, başqa bir məsələdir. 

Mən təklif eləmişəm ki, məhdud sahə mütəxəssisləri, konkret stomotoloqlar və digər sahələrdə sadələşmiş vergiyə cəlb oluna bilərlər. Yəni lisenziyalaşdırıla bilərlər. Sadələşmiş vergiyə cəlb olunaraq dövlətin xəzinəsinə öz gəlirlərindən, məsələn, 4 faiz vəsait köçürə bilərlər. Dövlətin də xəzinəsi güclənə bilər. 

Ancaq indiki zamanda şəhər həkimləri 1 800, rayon həkimləri 1 200 manat ödəmələrinin heç bir əsası yoxdur. Stomotoloqların gəlirləri o dərəcədə deyil. Maaşları 500 manatdır. Əgər bunu leqallaşdırmaq istəyiriksə, dövlətin büdcəsinə pul getsin, indiki zamanda mənim təklif etdiyim kimi alternativ variant yoxdur.

Stomotoloqlar, lor həkimləri və bu cür məhdud ixtisas sahibləri lisenziyalaşdırılsın. Fəaliyyətimiz leqallaşdırılsın. Məncə, TƏBİB bu barədə düşünsə, daha faydalı olar. Dövlət büdcəsinə stomotoloqlar hesabına dənizdə bir damla olsa, yaxşı olar”.

Nigar Abdullayeva
“Cebheinfo.az”