Heç rast gəlinməmiş yeni bir bakteriya TAPILDI

Heç rast gəlinməmiş yeni bir bakteriya TAPILDI

Çin kosmik stansiyasında ilk dəfə olaraq əvvəllər heç rast gəlinməmiş yeni bir bakteriya növü aşkar edilib. 

“Niallia tiangongensis” adlanan bu mikroskopik canlı insan sağlamlığı üçün təhlükə yarada bilərmi? 

"Cebheinfo.az" xəbər verir ki, çinli alimlər bu maraqlı kəşflə bağlı nəticələri “International Journal of Systematic and Evolutionary Microbiology” adlı elmi jurnalda dərc ediblər. Beləki, 2022-ci ilin noyabrından 2023-cü ilin iyununa qədər “Şençou-15” ekipajı tərəfindən kosmik stansiyada aparılan missiya zamanı, stansiyanın modul səthlərindən toplanan nümunələr laboratoriyada araşdırılıb. 

Alimlər bu nümunələrin içində “cyto bacillaceae” adlı bakteriya ailəsinə və “niallia” cinsinə aid olan yeni bir mikrob növünə rast gəliblər. Araşdırmalar göstərib ki, bu mikrob Yer üzündəki oxşarlarından fərqlənir və kosmik stansiyada təkamül edərək yeni bir forma alıb. Ona görə də ona “niallia tiangongensis”, yəni “Tiangongdan gələn niallia” adı verilib. 

Kosmosda yaşamağı öyrənən mikrob 

Alimlər bildirirlər ki, bu mikrob kosmosun sərt və ekstremal şəraitinə uyğunlaşmağı bacarıb. Oksidativ stressə və radiasiyanın zədələyici təsirinə qarşı daha dözümlü olduğu müşahidə olunub. Bu mikrobun necə yaşadığını öyrənmək bizə gələcəkdə mikroblara qarşı daha dəqiq və məqsədyönlü üsullar hazırlamağa kömək edə bilər. Bu biliklər yalnız kosmik tədqiqatlar üçün yox, həm də kənd təsərrüfatı, dərman istehsalı və digər sahələr üçün də faydalı ola bilər. 

Tədqiqatçılar qeyd edirlər ki, mikroorqanizmlərin kosmosda sağ qalması mikroqravitasiya, radiasiya və təcrid kimi faktorların birgə təsiri ilə bağlıdır. Uzunmüddətli kosmik uçuşlarda bu cür mikroorqanizmləri tanımaq və nəzarətdə saxlamaq həm astronavtların sağlamlığı, həm də kosmik texnikanın təhlükəsiz işləməsi üçün olduqca vacibdir. 

Səbinə Uğur 
"Cebheinfo.az"