İranda qum fırtınası: Yüzlərlə insan...

İranda qum fırtınası: Yüzlərlə insan...

İranın cənub-qərbindəki Xuzistan əyalətində qum fırtınası nəticəsində 802 nəfər xəstəxanaya yerləşdirilib.

“Cebheinfo.az” xəbər verir, bu barədə İranın “IRNA” dövlət informasiya agentliyi məlumat yayıb.

Əhvaz Cündişapur Tibb Elmləri Universitetinin vitse-prezidenti, doktor Meysem Muazi məsələ ilə bağlı açıqlama verib.

Xuzistanı öz təsir dairəsinə alan qum fırtınası səbəbiylə son 24 saatda ürək və tənəffüs yolları problemi olan 802 nəfərin xəstəxanalara müraciət etdiyini bildirib.

Muazi 92 nəfərin xəstəxanaya yerləşdirildiyini, digərlərinin isə tibbi yardımdan sonra evə buraxıldığını deyib.

Muazi yerli əhaliyə xəbərdarlıq edərək onları, xüsusilə də uşaqları, hamilə qadınları, qocaları və tənəffüs yolu xəstəlikləri olanları mümkün qədər evdə qalmağa çağırıb.

Xuzistan Meteorologiya Xidməti qum fırtınasının İraqdan qaynaqlandığını, “qırmızı” xəbərdarlıq elan edilərək, havanın insanların sağlamlığı üçün təhlükəli olduğunu bildirib.

Qeyd edilir ki, mayın 2-də Əhvazda havada tozun miqdarı hər kubmetr üçün 2159 mikroqram qeydə alınıb.

Müşfiq Abdulla
“Cebheinfo.az”