Orxan Əsgərovun atası: “Bizim əsas tələbimiz edamdır”

Orxan Əsgərovun atası: “Bizim əsas tələbimiz edamdır”

“İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir”.

Bunu İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə Bakıda jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycanın səfirliyinə hücum acı bir hadisə idi. Bu hadisədən sonra həm polis, həm də məhkəmə hakimiyyəti tərəfindən çox geniş istintaq aparıldı. Baxmayaraq ki, bu acı hadisə idi, amma hər iki xalqın təmaslarını daha da yaxınlaşdırdı.

Hər iki tərəf münasibətləri yenidən canlandırmaq üçün təşəbbüslər irəli sürdü. İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır.

Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir və Azərbaycanın İrandakı səfirliyi bu məsələ ilə maraqlanır. Əminəm ki, ədalət qələbəsini çalacaq və hökm icra olunacaq”, - Səid Xətibzadə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin barəsindəki hökmün icra olunmamasına münasibət bildirərkən deyib.

Məsələ ilə bağlı “Cebheinfo.az” səfirliyə hücum zamanı qətlə yetirilmiş Orxan Əsgərovun atası Rizvan Əsgərov prosesin gecikməsindən narazılığını ifadə edib.

Rizvan Əsgərov İran tərəfinin ikiüzlü siyasət apardığını deyib:

“2023-cü ildə hadisə baş verdikdən təxminən 3-4 ay sonra İranın Baş prokuror müavini Bakıya gəlmişdi. Görüşdə tələbimiz o oldu ki, cinayəti törədən şəxs edam edilsin. Bundan sonra mən, həyat yoldaşım, oğlum, Orxanın həyat yoldaşı və ailə üzvləri edamla bağlı müraciət hazırlayıb İranın ədliyyə orqanlarına təqdim etdik. Həmçinin, Azərbaycanın İrandakı səfirliyinə də etibarnamə verdik.Bizə dedilər ki, bəzi düzəlişlər edilməlidir. Düzəlişləri etdik və sənədləri yenidən təqdim etdik. 2024-cü ildə də edamla əlaqədar 4-5 dəfə sənəd hazırlayıb göndərmişik.

Bildirim ki, 2025-ci ildə 4 ay ərzində 3 dəfə sənəd hazırlanaraq təqdim olunub. Bizim tək bir tələbimiz var, o da edam. Yanvar, fevral və sonuncu dəfə aprel ayının 19-da sənəd hazırlanıb verilib. İrandakı vəkilimizə etibarnamə verdik edamda iştirak etmək üçün. İranın hüquq-mühafizə orqanlarına da həvalə etdik ki, edamın dəqiq vaxtı müəyyən edilsin və icra olunsun”.

Rizvan Əsgərov qeyd edib ki, 2023-cü ildən etibarən bizim yeganə tələbimiz edamdır:

“Ümumiyyətlə, İran tərəfi deyir ki, guya valideynlər tərəfindən heç bir müraciət edilməyib, yalan deyirlər. İndiyədək azı 10 belə sənəd hazırlanaraq göndərilib və bu sənədlərin hamısı bu dəqiqə Azərbaycan Respublikasının Prokurorluğunda var.

Hətta İran Prezidenti Azərbaycana səfəri zamanı müşavirədə bildirib ki, guya valideynlər edamla bağlı heç bir müraciət etməyiblər. Bunlar nə qədər vicdansız insanlardır? 2023-cü ildən bəri, artıq 3 ildir bizim yeganə tələbimiz edamdır. İranın Baş prokuroru o vaxt mənə demişdi ki, ya kompensasiya, ya da edam. Biz də bu məsələni edam tələbi ilə bağladıq.

İran tərəfi deyir ki, həmin şəxs guya anlaqsız olub. Amma sonradan müəyyən olundu ki, həmin şəxs tam sağlamdır və anlaqlıdır. Belə olduğu halda, onların bu cür açıqlamalar verməyə hansı haqqı var? Onların bu sözlərindən sonra bilmirəm nə deyim".

Əfsanə Rəcəb
“Cebheinfo.az”