“Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsinin sonuncu seçim turu təşkil olunub - FOTOLAR

“Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsinin sonuncu seçim turu təşkil olunub - FOTOLAR

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili” çərivəsində icra olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsinin sonuncu seçim turu Quba rayonunun Aşağı Tüləkəran kəndində təşkil olunub.

"Cebheinfo.az" xəbər verir ki, Quba rayonu Aşağı Tüləkəran kənd tam orta ümumtəhsil məktəbinin idman zalında keçirilən tədbirdə Quba rayonunun Aşağı Tüləkəran, Yenikənd, Möhüc və Tülər kəndlərindən olan 40 nəfər yeniyetmə və gənc müəllim 8 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının, Qarabağda formalaşmış görkəmli tarixi şəxsiyyətlərinin fəaliyyətinin, eyni zamanda Qarabağ tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, Qarabağda aparılan abadlıq-quruculuq işlərinin intellektual oyunlar vasitəsilə  yeniyetmə və gənclər arasında təbliğ edilməsi olduğunu bildirib.

Rəsmi hissədə çıxış edən Quba rayonu Aşağı Tüləkəran kənd tam orta ümumtəhsil məktəbinin direktoru Cəmşid Mövlanov tədbirin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində böyük əhəmiyyət daşıdığını qeyd edərək bu qəbildən olan layihələrin davamlı icra edilməsinin vacib olduğunu vurğulayıblar.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Yenikənd kəndini təmsil edən “Everest” komandası qazanıb. Aşağı Tüləkəran kəndini təmsil edən “Zəfər” və Möhüc kəndini təmsil edən “Qarabağ” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutaraq final mərhələsində oynamaq hüququ əldə ediblər. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili”nə həsr olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” adlı layihə çərçivəsində keçirilən tədbirlərdə Quba rayonunun 6 kənd zonasında – Asparasti, Vəlvələ, Pirvahid, Dağlı, Ağbil və Aşağı Tüləkəran kəndlərində keçirilən seçim turlarında ümumilikdə 44 kənd və qəsəbədə yaşayan və təhsil alan 240 nəfər yeniyetmə və gənc iştirak edib.

Layihənin növbəti final mərhələsində Quba rayonunun Kələnov kəndini təmsil edən “İstiqlal”, Aspərəsti kəndinin “Zirvə”, İsnov kəndinin “Uğur”, Çiçi kəndinin “Mübarizlər”, Talabıqışlaq kəndinin “Dəmir yumruq”, Mirzəqişlaq kəndinin “Turan”, İkinci Nügədi kəndinin “İnvektus”, Səbətlər kəndinin “Assansins Creed”, Amsar kəndinin “Amsar”, Üçgün kəndinin “Odlar Yurdu”, Dağlı kəndinin “Ekipaj”, Alpan kəndinin “Zirvə”, Aşağı Xuc kəndinin “Mübarizlər”, Əlibəyqışlaq kəndinin “Zəfər”, Susayqışlaq kəndinin “Turan”, Yenikənd kəndinin “Everest”, Aşağı Tüləkəran kəndinin “Zəfər” və Möhüc kəndinin “Qarabağ” komandaları iştirak edəcək.

"Cebheinfo.az"