Uşaqlar üçün art-terapiya seansları davam edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sənət və duyğu harmoniyasının təbliği” layihəsi çərçivəsində təşkil olunan art-terapiya yönümlü rəsm kursları uğurla davam etdirilir.
Tədbirlər Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində təşkil olunur. “Duyğulara sənətlə toxunuş” şüarı ilə keçirilən layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olan 7–17 yaş aralığında olan uşaqlara psixoloji dəstək göstərmək və onların emosional dünyasını incəsənətin təsir gücü ilə zənginləşdirməkdir. Layihənin rəhbəri “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə, layihənin psixoloqu “Serotonin” Neyropsixoloji Mərkəzinin əməkdaşı Alsu Süleymanova, təsviri incəsənət müəllimi isə Gəncə Dövlət Universitetinin müəllimi Nəzrin Ağayevadır. Layihə çərçivəsində keçirilən üçüncü dərs “Boyama ilə art-terapiya” mövzusuna həsr olunmuşdur.
Bildiyimiz kimi, boyama üsulu həm əyləncəli, həm də terapevtik bir yanaşma olmaqla, psixoloji rahatlığın təmin edilməsində mühüm rol oynayır. Art-terapiya zamanı fiziki yorğunluq olmadan beyin aktiv şəkildə fəaliyyət göstərir. Gələcəyə dair narahatlıq və təşviş hissləri art-terapiya prosesinə daxil olan andan etibarən zəifləyir, zehni gərginlik aradan qalxır və insan öz daxili harmoniyasını bərpa etməyə başlayır. Bu kontekstdə Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçillin fikirləri də xüsusi əhəmiyyət daşıyır. O, boyama və rəsmlə məşğul olmağı özünəməxsus art-terapiya üsulu hesab etmiş, bu fəaliyyət sayəsində istirahət etməyə, enerjisini bərpa etməyə və yeni ideyalar üzərində düşünməyə nail olmuşdur. Boyama fəaliyyəti uşaqlarda və yeniyetmələrdə yaradıcılıq potensialının inkişafına, problemlərin həlli yollarının daha çevik formada tapılmasına və beyinin sağ və sol yarımkürələrinin balanslı inkişafına müsbət təsir göstərir.
Bu səbəbdən də layihənin növbəti mərhələsində məhz boyama texnikalarına xüsusi yer ayrılmışdır. Layihə çərçivəsində aparılan fəaliyyətlər bir daha sübut edir ki, incəsənət uşaqların həm emosional, həm də intellektual inkişafında əvəzsiz rol oynayır.
"Cebheinfo.az"