Azərbaycanda dəhşətli statistika:Qəlyan gənc qızları da xərçəng edir
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur.
2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyulan xəstələrin 6 787-si kişi, 8 357-si isə qadın olub.
Ayrı-ayrı lokalizasiyalar üzrə ilk dəfə qeydə alınan xəstələrin sayı ağız boşluğu və udlaq xərçəngi üzrə 237, dodaq xərçəngi üzrə 21, qida borusu xərçəngi üzrə 463, mədə xərçəngi üzrə 1 392 nəfər təşkil edib.
Bundan başqa, düz bağırsaq, onunla siqmavari bağırsağın birləşməsi və anus nahiyəsinin bədxassəli yenitörəmələri ilə bağlı 832, qırtlaq xərçəngi üzrə 199, traxeya, bronx və ağciyər xərçəngi üzrə 1 480, süd vəzisi xərçəngi üzrə 2 928, dərinin melanoması üzrə isə 47 nəfər ilk dəfə qeydiyyata alınıb.
Statistikaya nəzər saldıqda, bəzi xərçəng növlərinin digərlərinə nisbətən daha çox yayıldığı aydın görünür. Ən çox qeydə alınan halların başında süd vəzi xərçəngi gəlir. Ondan sonra ağciyər, mədə və bağırsaq xərçəngi ilə bağlı rəqəmlər diqqət çəkir.
Bu isə göstərir ki, müəyyən xəstəliklər üzrə risk daha yüksəkdir və profilaktik tədbirlərin də məhz həmin istiqamətlərə yönəldilməsi vacibdir. Xərçənglə mübarizədə ən güclü silah erkən diaqnostikadır. Xəstəlik ilkin mərhələdə aşkarlandıqda həm müalicə daha uğurlu olur, həm də xəstənin yaşamaq şansı artır.
Lakin erkən diaqnostika ilə yanaşı, insanların ən çox maraqlandığı məsələlərdən biri də müalicənin əlçatanlığıdır. Rəqəmlər isə bir daha göstərir ki, xərçənglə mübarizədə əsas diqqət ən çox yayılan xəstəliklərin erkən aşkarlanmasına, maarifləndirməyə və vətəndaşların pulsuz müalicə imkanlarına çıxışının genişləndirilməsinə yönəlməlidir. Ən çox yayılan xərçəng növlərinin qarşısının alınması və müalicəsi üçün mövcud imkanlar nə dərəcədə kifayət edir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, onkoloji xəstəliklər artan tendesiya ilə davam edir:

“Onkoloji xəstəliklərin sayı həm ölkəmizdə, həm də dünyada gündən-günə artır, bu xəstəlik həm cavanlaşır, həm də sürətlə yayılır. Böyük Britaniya, ABŞ, Türkiyə də daxil olmaqla, bir çox ölkələrdə bu xəstəliyin artma tendensiyası davam edir. Onkoloji xəstəliklərin artmasına bir çox amillər təsir edir.
Onların arasında ilk yerdə qidalanma faktorudur. Tütün məmulatlarından və alkoqoldan geniş istifadə, artıq çəki, fiziki hərəkətsizlik, stress və travma halları əsas risk faktorları kimi qeyd olunur. Qadınlarda uşaqların sayının azalması da bəzi elmi yanaşmalarda risk faktorları sırasında göstərilir.
Azərbaycanda artıq çəki problemi də geniş yayılıb. Artıq çəki onkoloji xəstəliklərin yaranma riskini artıran əsas amillərdən biridir. Xüsusilə “fast-food” qidaların, emal olunmuş ət məhsullarının - kolbasa, sosiska, dönər və hamburgerlərin həddindən artıq istifadəsi bu riski daha da artırır”.
O qeyd edib ki, ağciyər xərçəngi daha çox kişilər arasında rast gəlinən xəstəlik kimi qəbul edilsə də, son illərdə qadınlar arasında da artım müşahidə olunur:
“Son 5 ildə aparılan statistik müşahidələr gənc qadınlar arasında da bu xəstəliyin yayılmasının artdığını göstərir. Bunun əsas səbəblərindən biri kimi elektron siqaret və qəlyan istifadəsi göstərilir. Mütəxəssislər bildirirlər ki, qəlyanın zərərsiz olduğu düşüncəsi yanlışdır, çünki 1 qəlyan istifadəsi 50 qutu siqaretə bərabər zərər verə bilər.
Eyni zamanda, stress, travmalar, abortların çoxluğu və reproduktiv faktorlar da onkoloji xəstəliklərin artmasında rol oynayan amillər kimi qeyd olunur. Bəzi məlumatlara görə, qadınlarda uşaqlıq boynu və süd vəzi xərçəngi halları da bu faktorlarla əlaqələndirilir.
Böyük Britaniyada aparılan son araşdırmalara görə, hər 86 saniyədə bir insana xərçəng diaqnozu qoyulur ki, bu da vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Sağlam qidalanma, düzgün yuxu rejimi, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq onkoloji xəstəliklərin riskini azaltmağa kömək edir”.
Gülər Həsənli
“Cebheinfo.az”


