Rusiya yeni müharibəyə hazırlaşır

Rusiya yeni müharibəyə hazırlaşır

Şimali və mərkəzi-şərqi Avropada müharibə riskləri artmaqdadır.

Qərb mənbələrinin araşdırmalarına görə, Rusiya qərb sərhədi boyunca əsgər yataqxanaları və silah anbarları inşa edir.

ABŞ-də yerləşən “Planet Labs” şirkətinin son peyk görüntüləri də onu deməyə əsas verir ki, Rusiya 2025-2026-cı illərdə Finlandiya və Norveçlə sərhəd ərazilərdə hərbi infrastrukturu daha da inkişaf etdirib.

Hazırda Rusiya Murmansk vilayətinin Peçenqa rayonunda yeni əsgər yataqxanaları tikir. Finlandiya kəşfiyyatının keçmiş zabiti Marko Eklundu bildirib ki, bura 17 minə yaxın əsgər yerləşdirmək mümkündür.

Finlandiya Quru Qoşunlarının Komandanı, general-leytenant Pasi Valimaki hesab edir ki, Rusiya Finlandiya sərhədindəki əsgər sayını 20 mindən 80 minədək artıra bilər. İsveçrənin hərbi kəşfiyyat idarəsi isə hesab edir ki, Moskva NATO ilə mümkün qarşıdurmaya hazırlaşır.

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Rusiya ilə NATO arasında qarşıdurma Ukrayna kontekstində davam edir: 

“Hazırkı qarşıdurmanın aktiv mərhələyə keçməsi riskləri var. Rusiyanın Avropa üzərində yürütdüyü siyasət də ciddi risklərə gətirib çıxara bilər. NATO-ya üzv olan Avropa ölkələrinin Ukrayna məsələsində mövqeyi Rusiyanın maraqlarına ziddir. 

Aydındır ki, bu gün Ukraynanın müqavimətinin davam etməsinin əsil səbəbi Avropa ölkələrinin ona verdiyi dəsktəkdir. Əgər bu dəstək olmasa idi, böyük ehtimalla, Kiyev Rusiyanın maraqlarına uyğun sülh planına və atəşkəs sazişinə razılıq verərdi.

Rusiya Avropanı prosesdən kənarlaşdırmaq üçün riskli addımlar atır. Yalnız Avropa sərhədlərinə qoşunların sayının artırılması deyil, həmçinin rus dronlarının Avropanın hava məkanına daxil olması Avropanı birbaşa təhdid etmək xarakteri daşıyır.

Moskva Avropaya mesaj verir ki, əgər Ukraynaya dəstəyi davam etdirəcəksə, müharibə birbaşa Avropanın ərazisinə keçəcək. Rusiya bu cür addımlarla Avropanı Ukraynaya dəstəkdən imtina etməyə vadar edir.

Təbii ki, bu cür risklər Rusiya ilə NATO arasında hərbi qarşıdurmaya yol aça bilər. Bunlara baxmayaraq, yaxın perspektivdə Rusiya ilə NATO arasında hərbi qarşıdurmanın baş verməsi real görünmür.

Birincisi, Rusiya hərbi resurslarını Ukraynada müharibə sərf etdiyi bir zamanda NATO ilə müharibəyə girməyə cəhd etməz. İkincisi, NATO-nun üzv ölkələrinin Rusiyaya münasibəti birmənalı deyil və alyans daxilində Rusiya ilə hərbi qarşıdurmaya qarşı çıxanlar var.

Nəzərə alaq ki, ABŞ və Avropa ölkələri arasında Ukrayna və təhlükəsizlik məsələlərində mövqelərin toqquşması NATO daxilində ciddi parçalanma yaradıb. Belə bir halda NATO-nun Avropadakı üzv ölkələri Rusiya ilə toqquşmaya getməzlər”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”