Ermənistanda siyasi böhran başladı

Ermənistanda siyasi böhran başladı

“Güclü Ermənistan” Partiyası Mərkəzi Seçki Komissiyasına parlament seçkilərinin nəticələrinin ləğv edilməsi tələbi ilə müraciət edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Güclü Ermənistan” Partiyasının sədri Samvel Karapetyanın qardaşı oğlu, adıçəkilən təşkilatın Şura üzvü Narek Karapetyan belə açıqlama verib.

“Biz Ermənistanda “Vətəndaş Müqaviləsi”nin qanadlarını kəsməliyik.  Hazırkı vəziyyətdə “Vətəndaş Müqaviləsi” artıq ən zəif qüvvədir, səslərin 50 faizi ilə çoxluğu itirib və konstitusiyanı dəyişdirə bilmir. Amma nəticələrin nəzərdən keçirilməsini təmin etmək üçün daha da irəli gedəcəyik”,- Narek Karapetyan belə deyib. 

Qeyd edək ki, seçkilərin ilkin nəticələrinə görə, “Güclü Ermənistan” bloku iyunun 7-də keçirilmiş səsvermə zamanı 23,8 faiz səs toplayıb və parlamentdə 29 deputat yeri qazanıb. Lakin Narek Karapetyanın açıqlaması göstərir ki, “Güclü Ermənistan” nəticələrlə razılaşmır və seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edir. 

Ona görə də adıçəkilən siyasi qüvvə nəticələrin ləğvini tələb edir. Bu isə Ermənistanda yeni parlament seçkilərinin keçirilməsi deməkdir. “Güclü Ermənistan” Partiyasının bu tələbi seçkilərin nəticələrini şübhə altına alaraq Konstitusiya Məhkəməsinə müraciət edən eks-prezident Robert Köçəryanın “Ermənistan” blokunun da müraqlarına cavab verir. 

4 faizlik barajı keçə bilmədiyinə görə mandat qazana bilməyən “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qagik Tsarukyan da səslərin düzgün sayılmadığını və məqsədyönlü şəkildə azaldıldığını deyir. 

Ona görə də Tsarukyan mübarizəni məhkəmə müstəvisində davam etdirəcəyini bəyan edib. Əgər Samvel Karapetyanın və Robert Köçəryanın liderlik etdiyi siyasi qüvvələr seçkilərin ləğvində axıra qədər israr etsələr, parlamenti boykot etməli olacaqlar. Bu, eyni zamanda, Qagik Tsarukyanın əlini gücləndirə bilər. 

Yəni 7 iyun seçkilərinə pərakəndə gedən müxalifət nəticələrin ləğvi məsələsində vahid mövqedən çıxış etmək imkanı qazanmış olar. Lakin müxalifətin seçkilərin nəticələrini tanımamaqla bağlı addımlarının daha çox Rusiyanın siyasi sifarişi əsasında həyata keçirildiyini görmək çətin deyil. 

Çünki rəsmi Moskva Ermənistanda seçkilərin nəticələrini şübhə altına alaraq Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsini tanımaq istəmir. Lakin Nikol Paşinyan hökumətinin “Güclü Ermənistan” Partiyasının tələbləri ilə razılaşacağı inandırıcı görünmür. 

Hətta hakimiyyət saxtalaşdırmanın müxalifətin xeyrinə baş verdiyini və “Vətəndaş Müqaviləsi”nin səslərinin müxalifətin xeyrinə yazıldığını bildirib. Səslərin yenidən sayılması nəticəsində hakim partiya 950 əlavə səs də qazanıb. 9-10 iyunda səslərin yenidən sayılması və seçki şikayətlərinə yenidən baxılması ilə bağlı MSK-ya və məhkəmə orqanlarına müraciət prosedurlarının mövcudluğu Nikol Paşinyan iqtidarına müxalifətin tələblərindən imtina etmək üçün əsas yaradır. 

Ermənistan Seçki Məcəlləsinə görə, səsvermənin nəticələrinin ləğvi barədə qərarı MSK çıxarır. Pozuntuların aradan qaldırılması mümkün olmadıqda və Seçki Məcəlləsinin tələblərinə təsir göstərdikdə, MSK seçkilərin nəticələrini etibarsız hesab edir. 

Bu halda 7 gün ərzində yeni səsvermə keçirilir. Lakin Ermənistan MSK-nın və beynəlxalq müşahidəçilərin seçkilərlə bağlı rəyi müsbət olub. Buna baxmayaraq, müxalifət mandatlardan imtina edərsə, növbədənkənar seçkilər qaçılmaz olacaq. 

Müxalifətin növbəti taktikası etirazı küçə və meydanlara daşımaq, kütləvi aksiyalara bağlamaqdan ibarət ola bilər. Yəni Moskvanın göstərişi ilə müxalifət parlamentin fəaliyyətini iflic etmək və güclü etiraz aksiyaları keçirməklə Nikol Paşinyanın istefası məsələsini gündəmə gətirməyə çalışır. Bu da öz növbəsində Ermənistanda siyasi böhrana səbəb ola bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”