Hindistan ABŞ-yə nota verdi

Hindistan ABŞ-yə nota verdi

Hindistan ABŞ ordusunun iyunun 10-da Oman sahillərində vurduğu, Palau bayrağı altında üzən “MT Settebello” tankerində 3 hindistanlı dənizçinin həlak olmasından sonra ABŞ-nin Yeni Dehlidəki müvəqqəti işlər vəkili Ceyson Meksi Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası təqdim edib.

"Cebheinfo.az" xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi bu həftə ikinci dəfə ABŞ diplomatını nazirliyə çağıraraq Oman sahillərində gəmilərə qarşı həyata keçirilən hücumlarla bağlı etirazını bildirib.

Yeni Dehli administrasiyası bu həftə ilk etiraz notasını da ABŞ-nin Oman sularında bir ticarət gəmisinə hücumundan sonra təqdim etmişdi.

Hindistanın limanlar, dənizçilik və su yolları naziri Sarbananda Sonoval daha əvvəl verdiyi açıqlamada ABŞ ordusunun Oman sahillərində vurduğu, ekipajı tamamilə Hindistan vətəndaşlarından ibarət olan və 24 nəfərin çalışdığı “MT Settebello” tankerində 3 dənizçinin həyatını itirdiyini bildirmişdi.

"The Times of India" qəzetinin xəbərinə görə, Oman Hərbi Dəniz Qüvvələri Hindistanın Muskatdakı səfirliyi ilə koordinasiyalı şəkildə tankerdə qalan 21 ekipaj üzvünü xilas edib.

Nigar Hacılı 
"Cebheinfo.az"