Samuxda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub

Müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Samux rayonunda geniş tədbir keçirilib.
Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Samux şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdən öncə iştirakçılar Ulu Öndərin adını daşıyan parkda yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və onun əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxışında bildirib ki, bugünkü müstəqil, qüdrətli və güclü Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. O vurğulayıb ki, ölkənin inkişafının möhkəm təməlini Heydər Əliyev qoyub və bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
RİH başçısı qeyd edib ki, xalqımızın ən böyük tarixi nailiyyətlərindən biri olan ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılmış Zəfərimiz, Ulu Öndərin ideyalarının davamı olaraq müasir Azərbaycan tarixində mühüm yer tutur.
Tədbirdə iştirak edən digər çıxışçılar da Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, xalq qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Sonda tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə bədii proqram təqdim olunub.
"Cebheinfo.az"