Niyə məhz Bakı?

Niyə məhz Bakı?

Son həftələrdə Yaxın Şərqdə böyük müharibə ehtimalı getdikcə daha real görünür. 

Artıq bir çoxları üçün İrana hücum məsələsi “olacaqmı?” deyil, “nə vaxt olacaq?” sualıdır. İsrail bütün hərbi qüvvələrini səfərbər edib. Bazalarda onlarla F-35 və F-16 qırıcı təyyarələri yerləşdirilib, uzaq məsafəyə uçuş və havada yanacaq doldurma üzrə təlimlər keçirilib. 

İsrail Hərbi Hava Qüvvələri ABŞ ilə birlikdə genişmiqyaslı birgə təlimlər təşkil edib və burada dərin müdafiə olunan hədəflərə məhz İranda mövcud olan obyektlərə zərbə endirmək ssenariləri sınaqdan keçirilib. Eyni zamanda, ABŞ-nin aviadaşıyıcı qrupları Qırmızı dənizə daxil olub. 

Döyüş gəmiləri və sualtı qayıqlar əsas mövqelərdə yerləşdirilib və bu da Vaşinqtonun hücuma tam hazır olduğunu nümayiş etdirir. Hətta ən ehtiyatlı müşahidəçilər belə etiraf edirdilər ki, bölgə gərgin gözləmə içindədir. İsrail və ABŞ açıq şəkildə siqnal verirdilər ki, hər an hərəkətə keçə bilərlər. 

Düzdür, bu qədər açıq güc nümayişi İrana siyasi təzyiq göstərmək, onu danışıqlarda güzəştə məcbur etmək üçün nəzərdə tutulmuşdu. Amma bölgədəki gərginlik tamamilə real idi. Çünki Yaxın Şərqdə həmişə bir risk var. Bu cür “əzələ nümayişi” istənilən anda nəzarətdən çıxıb müharibəyə çevrilə bilər: istər təsadüfən, istərsə də bilərəkdən. 

Bombalar əvəzinə danışıqlar: Təhlükələr fonunda ehtiyatlı nikbinlik 

Dünya ilk zərbələrin atılmasını gözlədiyi bir vaxtda hadisələrin gedişatı gözlənilməz istiqamət aldı. ABŞ Prezidenti Donald Tramp Roma səfərindən Vaşinqtona qayıdarkən, “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında bildirdi: 

“İrana bomba atmağa ehtiyac olmadan da nələrsə əldə edə bilərik”. Onun sözlərinə görə, danışıqlar yaxşı gedir və razılaşma əldə olunması üçün real şans var. İran tərəfi, konkret olaraq xarici işlər nazirinin müavini Abbas Əraqçi daha ehtiyatlı mövqe sərgilədi. 

O, həm əsas məsələlər, həm də detallarda ciddi fikir ayrılıqlarının olduğunu etiraf etdi. Buna baxmayaraq, hər iki tərəf danışıqları davam etdirmək niyyətində olduqlarını göstərdilər. ABŞ-nin yüksək vəzifəli nümayəndəsinin CNBC-yə verdiyi müsahibədən məlum olub ki, danışıqlar “müsbət və səmərəli” keçib və tərəflər Avropada yeni görüşlər keçirmək barədə razılığa gəliblər. 

İsrailin Baş naziri Benyamin Netanyahu "JNS" forumunda “qırmızı xətləri” xatırladıb. Onun sözlərinə görə, yalnız İranın nüvə infrastrukturunun tamamilə ləğv olunduğu bir razılaşma uğurlu hesab edilə bilər. Məsələn, 2003-cü ildə Liviyada baş verən nüvə tərksilahı nümunəsinə bənzər şəkildə.Ən maraqlı məqam isə danışıqların getdiyi Oman tərəfindən gələn açıqlama oldu. 

O bildirdi ki, ABŞ əslində İranda dinc məqsədli atom proqramının qalmasına razı ola bilər — əsas şərt odur ki, proqramda hərbi komponent, yəni nüvə silahı hazırlanması hissəsi olmasın.

İsrail dilemması: 

Cəbhələrdən diplomatiyaya ümid Danışıqlar prosesi sürətlənməkdə olsa da, İsrailin daxilində səslənən fikirlər tam fərqli ssenariləri əks etdirirdi. İsrailin strateji məsələlər naziri Ron Dermer Qüdsdə keçirilən "JNS" forumunda çıxışı zamanı belə deyib:

“12 ay ərzində yeddi cəbhədə gedən müharibə sona çatacaq, İsrail qalib gələcək və bir çox ərəb ölkəsi ilə sülh sazişləri imzalanacaq”. Dermer hesab edir ki, yalnız hərbi qələbə İsraili ərəb dünyası ilə münasibətlərin normallaşmasına aparan yola çıxara bilər. Onun fikrincə, Qəzzadə, xüsusilə Rəfahda qazanılacaq qələbə İsraili Ər-Riyadda və Yaxın Şərqin digər əsas paytaxtlarına aparacaq qapı ola bilər. Nazir ümid edib ki, Donald Tramp İranla “pis razılaşmadan” imtina edəcək.  Amma müşahidəçilərin fikrincə, həmin çıxış zamanı Tramp rəsmi olaraq yalnız bir məsələni vurğulayırdı: 

İranın nüvə silahına sahib olmasının qadağan edilməsi. Bu isə maraqlıdır ki, hətta Tehranda da rəsmi şəkildə heç kim tərəfindən açıq şəkildə inkar edilmir. Elə həmin forumda Baş nazir Benyamin Netanyahu bəyan edib ki, Qəzzada nə HƏMAS olacaq, nə də Fələstin Muxtariyyəti. Bununla yanaşı, Netanyahu “okean qədər dərin dövlətə” qarşı mübarizədən də danışıb, bu isə İsrailin “yeddi cəbhədə apardığı mübarizə” anlayışını daha da genişləndirən simvolik bir mesaj idi. 

Yanaşma dəyişir: Zərbədən danışıqlara doğru 

Bu arada İsrailin Müdafiə Nazirliyi hərbi-siyasi kabinetin üzvlərini vacib bir yenilik barədə məlumatlandırdı. Nazirlik bildirdi ki, ABŞ ilə İran arasında aparılan danışıqların uğurla nəticələnməsi ehtimalı xeyli artıb. "Kan" media korporasiyasının məlumatına görə, üçüncü danışıqlar raundundan sonra israilli ekspertlər razılaşmanın əldə olunmasını artıq demək olar ki, qaçılmaz hesab etməyə başlayıblar. 

Belə bir vəziyyətdə İsrail hökuməti öz siyasətinə yenidən baxmaq zərurətini qəbul etməyə məcbur qaldı. Hərbi həll variantı arxa plana keçdi, diplomatik yolla problemi həll etmək isə yeni aktuallıq qazandı. ABŞ Prezidenti Donald Tramp da 28 aprel tarixində bu yeni yanaşmanı demək olar ki, təsdiqlədi: 

"İranla bağlı vəziyyətə gəlincə, düşünürəm ki, hər şey yaxşı gedir. Razılığa gələcəyimizə inanıram. Demək olar ki, əminəm ki, bu baş verəcək. Yəni, bizim bir nəticəmiz olacaq və ətrafı bombalamağa ehtiyac qalmayacaq".

Müxalifətdən sərt və qalmaqallı çıxışlar 

Ən maraqlısı isə budur ki, hökumət İrana qarşı hərbi zərbə ideyasından imtina edib danışıqlara üstünlük verməyə başladığı bir vaxtda oyuna keçmiş müdafiə naziri Yoav Qalant daxil olub. Qalant o şəxsdir ki, bir müddət əvvəl daha ehtiyatlı və ölçülmüş yanaşmanın tərəfdarı idi, indi isə qəfil şəkildə sərt addımlar tələb etməyə başlayır. O, bloger Nadav Periyə verdiyi müsahibədə belə deyib: “İranın qapısında qapıçı yoxdur. 

Topu rahat şəkildə vura bilərik. İmkan pəncərəsi cəmi bir neçə ay, maksimum bir ildir”. Qalant hesab edir ki, İsrail mütləq İrana zərbə endirməlidir, xüsusilə də ABŞ bu prosesdə iştirak etmək istəməzsə. Bununla belə, o, ideal variant kimi birgə hərbi əməliyyatları görür. Əlbəttə, hamıya bəllidir ki, real qərarvermə məsuliyyətindən uzaq olan müxalifət üçün belə sərt və gurultulu bəyanatlar ictimai diqqəti cəlb etməyin nadir yollarındandır. Son aylarda siyasi çəkisini itirən və liderlik uğrunda daxili mübarizədə kənarda qalan Qalant indi informasiya gündəmində qalmaq üçün radikal ritorikaya əl atır. 

Niyə məhz Bakı?

Qəzetlər və rəsmi dairələr danışıqların uğurlu getdiyini bildirirlər. Amma pərdəarxasında vəziyyət göründüyündən daha mürəkkəbdir. Hələ də məlum deyil ki, bu prosesə Rusiya nə dərəcədə aktiv müdaxilə edib. Moskva ilə Tehran arasında nələrin baş verdiyi haqda yalnız ehtimallar var. 

Çünki bu mövzuda danışıqlar əsasən bağlı qapılar arxasında aparılır. Bu arada, İran Prezidenti yaxın günlərdə Azərbaycana səfər edib. Səfər çərçivəsində dostluqdan, əməkdaşlığın inkişafından danışılıb, rəqəmsal inkişaf və nəqliyyat sahəsində sənədlər imzalanıb, mədəniyyət və media layihələrinin təşviqi istiqamətində hədəflər müəyyən olunub. 

Diqqətçəkən məqam isə odur ki, İran Prezidentinin Bakıya səfərindən az sonra İsrailin Baş naziri Benyamin Netanyahu da Bakıya gəlməyə hazırlaşır. Sadə təsadüfdürmü? Çətin ki, Bakı artıq təkcə tərəfdaşlıq bəyanatlarının səsləndiyi yer yox, eyni zamanda incə diplomatik gedişlərin mərkəzinə çevrilməkdədir. 

Məlumata görə, bu səfərlə paralel olaraq Bakıda İsrail və Türkiyə nümayəndələri arasında qapalı məsləhətləşmələr də aparılır. Söhbət sadəcə dialoqun bərpasından yox, həm də mümkün razılaşdırılmış addımlardan və ən əsası – Suriyada son illər tez-tez toqquşmuş maraqlardan qaçmaq üçün konkret mexanizmlərin hazırlanmasından gedir. ABŞ–İran danışıqları fonunda Bakıda baş verənlərə əlavə önəm qazandırır, ola bilsin ki, yeni regional balans məhz burada – hələlik səssiz və ictimaiyyətə açıq olmasa da – formalaşır. 

Bütün bunlar onu göstərir ki, İran yeni bir reallığa – hərbi qarşıdurmadan çox iqtisadi açılımlara əsaslanan dövrə hazırlaşır. Yəqin ki, nüvə proqramı ilə bağlı müəyyən güzəştlər İran üçün iqtisadi inkişafın qarşılığında veriləcək bir növ ödəniş olacaq. Bakıya səfər də bu böyük diplomatik mozaikanın görünən parlaq hissələrindən biridir. Bəs Rusiya ilə İran arasında bu günlərdə nələr baş verir? Bu sualın cavabı hələlik bilinmir. 

Amma bir şey dəqiqdir ki, pərdəarxasında aparılan məxfi danışıqlarda yeni ittifaqların təməli qoyulur. Nəticədə dəyişikliklərin ilk dalğası artıq görünür Biz ciddi dəyişikliklərin astanasındayıq. Əgər ABŞ və İran arasında razılaşma baş tutarsa, bu, sadəcə iki ölkə arasında aparılan danışıqların uğuru deyil. 

Bu, Yaxın Şərqdə yeni bir zəncirvari reaksiyanın başlanğıcı olacaq: 

iqtisadi müqavilələr, siyasi sazişlər, yeni ittifaqlar. Dalğalar sanki suya atılmış daşın ətrafında yayılır kimi. İrandan başlayaraq qonşularına, qlobal güclərə, hətta indiyədək kənarda qalanlara qədər çata bilər. Bir məsələ aydındır ki, susqun gözləntilər dövrü sona çatır. Ola bilsin ki, yaxın vaxtlarda Yaxın Şərqin tamamilə fərqli bir xəritəsini görəcəyik. Deyirlər ki, pis sülh yaxşı müharibədən üstündür. Amma həqiqi sülh  ən yaxşısıdır. 

Çünki sülh təkcə atəşkəs deyil. Bu, yeni relslərlə hərəkət edən qatarlar, raket mərkəzlərinin yerində açılan səfirliklər, sanksiyaların yerini tutan ticarət, dronların deyil, nümayəndə heyətlərinin etdiyi səfərlər deməkdir. 

Əgər bu dəfə diplomatlar generallardan güclü olsalar, bəlkə də illərdir ilk dəfə Yaxın Şərqin müharibə gurultusu altında çökmədiyini, əksinə, işığa, inkişafa, həyata doğru qalxdığını görəcəyik. Bəlkə də bu, danışıqlar çuxuruna atılmış daşın yaratdığı ilk dairədir. Amma o dairələr artıq hərəkətə keçib və bu, ümid verir. 

Yuri Boçarov,
İsrailli politoloq, “Aziznews.com” saytının redaktoru 
Tərcümə etdi: Səbinə

"Cebheinfo.az"