Rusiyadan Azərbaycana dörd nəfər ekstradisiya edildi

Rusiyadan Azərbaycana dörd nəfər ekstradisiya edildi

Beynəlxalq axtarışa verilmiş daha dörd şəxs Azərbaycana ekstradisiya edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Anar Elmar oğlu Yolçuyev, Reyhan Mirbala qızı Məlikli, Zamiq Qurbanəli oğlu Aslanov və Elşən Musa oğlu Zaxarovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

"Cebheinfo.az"