Xəstəxanalar Ebolaya hazırdır? – TƏBİB açıqladı
Pandemiya dövründə COVID-19-un sürətlə yayılması səhiyyə sistemlərinin çevik və operativ həllərə ehtiyacını ortaya qoydu.
Bu məqsədlə Azərbaycanda qısa müddət ərzində modul tipli xəstəxanalar inşa edildi və istifadəyə verildi. Bu tibb müəssisələri əsasən yoluxucu xəstəliklərin nəzarət altına alınması, xəstələrin izolyasiya şəraitində müalicəsi və səhiyyə sisteminin yükünün azaldılması üçün nəzərdə tutulmuşdu.
Bununla yanaşı, dünyada Ebola virusu kimi yüksək ölüm riski və sürətli yayılma qabiliyyəti olan infeksiyalar zaman-zaman yenidən ortaya çıxır. Ebola ilk dəfə 1976-cı ildə qeydə alınmış və əsasən Mərkəzi və Qərbi Afrikada yayılmışdır.
İndiyə qədər ən çox yoluxma halları Konqo Demokratik Respublikası, Qvineya, Sierra Leone, Liberiya, Uqanda və Sudan kimi ölkələrdə qeydə alınmışdır. Bu epidemiyalar xüsusilə səhiyyə infrastrukturunun zəif olduğu bölgələrdə ciddi humanitar böhranlara səbəb olmuşdur. Son illərdə isə Ebola virusu yenidən müxtəlif Afrika ölkələrində lokal alovlanmalar şəklində müşahidə olunub.
Xüsusilə Konqo Demokratik Respublikasında davamlı şəkildə kiçik və orta miqyaslı epidemiyalar qeydə alınır. Bundan əlavə, Uqanda və Ekvatorial Qvineya kimi ölkələrdə də son dövrlərdə Ebola alovlanmaları baş vermiş və səhiyyə qurumları tərəfindən nəzarət altına alınmağa çalışılıb.
Bu hallar virusun tamamilə yox olmadığını və müəyyən regionlarda yenidən ortaya çıxma riskinin davam etdiyini göstərir. Belə bir kontekstdə aktual sual yaranır ki, pandemiya dövründə inşa edilən modul tipli xəstəxanalar Ebola kimi daha təhlükəli və yüksək bioloji riskə malik viruslarla mübarizə üçün nə dərəcədə uyğundur?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda Ebola virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmayıb.
Qurumun məlumatına görə, xəstəlik ölkə üçün epidemioloji risk kimi qiymətləndirilməyib və əlavə xüsusi tədbirlərin görülməsinə dair göstəriş mövcud deyil.
Aişə Abdulova
“Cebheinfo.az”

