Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər

Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər

Azərbaycanda ət bazarında qiymət sabitliyinin təmin olunması üçün əsas hədəf istehsalın artırılması və maya dəyərinin aşağı salınmasıdır.

Bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və 2026–2030-cu illər üzrə Dövlət Proqramından irəli gələn məsələlərə dair keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır:

“Ət istehsalının maya dəyərinin uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitliyin yaranacağını düşünürük. Hazırda Azərbaycanın mal ətinə tələbatının 83,7 faizi, qoyun ətinə tələbatının 94,2 faizi, quş ətinə tələbatının isə 82 faizi yerli istehsal hesabına təmin olunur”.

Z.Əliyev onu da əlavə edib ki, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında ət məhsulları üzrə ölkənin özünütəminetmə səviyyəsinin daha da artırılması nəzərdə tutulub.

Maraqlıdır, Azərbaycanda ətin qiyməti nə qədər ucuzlaşa bilər?

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda ət qiymətlərinin aşağı düşməsi ilə bağlı gözləntilər ilk növbədə istehsalın artım tempindən, yem bazarındakı vəziyyətdən, idxaldan asılılıq səviyyəsindən və ümumi inflyasiya proseslərindən asılı olacaq:

“Hazırkı şəraitdə ət qiymətlərində qısa müddətdə kəskin ucuzlaşma gözləmək real görünmür. Daha real ssenari qiymət artımının dayanması və mərhələli şəkildə müəyyən qədər aşağı düşməsidir.

Əgər ölkədə iri və xırdabuynuzlu heyvanların sayı artarsa, məhsuldarlıq yüksələrsə və fermerlərin istehsal xərcləri azalarsa, o zaman ortamüddətli perspektivdə ət qiymətlərində 10–15 faizədək enmə ola bilər. Lakin bunun üçün bazarda təklifin davamlı şəkildə artması vacibdir. Əks halda, mövsümi və ya qısamüddətli ucuzlaşmalar qalıcı nəticə verməyəcək.

Ət bazarında sabitliyin təmin olunması təkcə istehsalın artırılması ilə məhdudlaşmır. Bu sahədə əsas problemlərdən biri yem xərclərinin yüksək olmasıdır. Azərbaycanda heyvandarlıq təsərrüfatlarının maya dəyərində yem xərcləri əhəmiyyətli paya malikdir. 

Yem bitkilərinin əkin sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması və yem idxalından asılılığın azaldılması fermerlərin xərclərinin aşağı düşməsinə və nəticədə ətin satış qiymətinin sabitləşməsinə kömək edə bilər”.

 O bildirib ki, digər mühüm amil logistika və tədarük zənciridir:

“Heyvanların saxlanılması, daşınması, kəsimi və satış məntəqələrinə çatdırılması proseslərində yaranan əlavə xərclər son qiymətə təsir göstərir. Müasir logistika infrastrukturunun qurulması və vasitəçi sayının azaldılması qiymət fərqlərinin azalmasına səbəb ola bilər.

İdxal siyasəti də bazarda qiymətlərin formalaşmasında mühüm rol oynayır. Yerli istehsal daxili tələbatı tam qarşılamadığı dövrlərdə idxal bazarda əlavə təklif yaradaraq qiymət artımlarını məhdudlaşdıra bilər. Lakin uzunmüddətli perspektivdə əsas məqsəd idxaldan asılılığı artırmaq deyil, yerli istehsalın rəqabət qabiliyyətini yüksəltmək olmalıdır.

Həm də baytarlıq xidmətlərinin gücləndirilməsi, cins heyvandarlığın inkişafı, süni mayalanma proqramlarının genişləndirilməsi və fermerlərin güzəştli maliyyə resurslarına çıxışının artırılması da məhsuldarlığı yüksəldən amillər sırasındadır. Bu tədbirlər eyni həcmdə daha çox məhsul əldə etməyə imkan verdiyi üçün maya dəyərinin azalmasına və qiymətlərin sabitləşməsinə şərait yaradır.

Qısaca Azərbaycanda ət qiymətlərinin davamlı şəkildə aşağı düşməsi yalnız istehsalın artırılması ilə deyil, yem təminatının yaxşılaşdırılması, logistika xərclərinin azaldılması, məhsuldarlığın yüksəldilməsi və bazarda rəqabətin gücləndirilməsi kimi kompleks tədbirlərin nəticəsində mümkün ola bilər”.

Ekspert qeyd edib ki, bu istiqamətdə həyata keçirilən islahatlar qiymətlərdə kəskin deyil, mərhələli və dayanıqlı ucuzlaşmaya şərait yarada bilər.

Aişə Abdulova
“Cebheinfo.az”