Nazirdən etiraf: Rusiyanın borcu...

Nazirdən etiraf: Rusiyanın borcu...

Rusiyanın maliyyə naziri Anton Siluanov ölkənin xarici borcunu yaxın zamanda tamamilə ödəyəcəklərini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Siluanov Rusiyada keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil olunan panel iclasında belə çıxış edib.

O bildirib ki, xarici maliyyə mənbələrinə tətbiq olunan məhdudiyyətlər Rusiyanın ödəniş, maliyyə əməliyyatları və büdcə proseslərinə ciddi təsir göstərmir.

“Büdcə məsələlərində ölkənin ehtiyac və prioritetlərinə uyğun olaraq tam müstəqil qərarlar qəbul edirik”, - deyə Siluanov vurğulayıb.

Anton Siluanov qeyd edib ki, Rusiyanın xarici borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti hazırda təxminən 10 faiz səviyyəsindədir.

“Xarici borcumuzu yaxın zamanda tam bağlayacağıq və ümid edirəm ki, bu tip borclar ümumiyyətlə qalmayacaq. Biz xarici maliyyə infrastrukturundan asılı deyilik”, - deyə nazir bildirib.

Siluanov əlavə edib ki, müstəqil iqtisadi siyasət ölkənin suverenliyinin əsas elementlərindən biridir.

Onun sözlərinə görə, xarici investisiyaların çatışmazlığı şəraitində dövlət maliyyəsinin sabitliyi daxili resurslar hesabına qorunmalıdır.

Rusiya Maliyyə Nazirliyinin məlumatına əsasən, ölkənin xarici borcu mayın 1-i tarixinə 33,8 milyard dollar təşkil edib. 

Nigar Hacılı 
"Cebheinfo.az"