Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır

Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır

Son günlər Rusiya bir sıra Ermənistan məhsullarının idxalına qadağa qoyub. 

Qeyd edək ki, 2025-ci ildə Ermənistandan Rusiyaya 186 milyon dollar dəyərində meyvə, tərəvəz və gül ixrac olunub. Bu göstərici Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 94 faizini təşkil edir. 

Bundan başqa, Ermənistan Rusiyaya 9000 tona yaxın və ya 72 milyon dollar dəyərində akvakultura balığı tədarük edib. Rusiyanın tətbiq etdiyi qadağalardan sonra Ermənistan istehsalçıları çətin vəziyyətə düşüb. Əgər Ermənistan alternativ satış bazarları tapa bilməsə, aqrar sektor böhranla üzləşə bilər.  

Bu proses Azərbaycan məhsullarının Rusiyaya  ixrac imkanlarını genişləndirə bilərmi? Eyni zamanda, ixrac artdığı təqdirdə  ölkəmizdə bahalaşmaya gətirib çıxaracaqmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Ermənistandan qadağan olunan məhsulların eynisini Azərbaycan Rusiyaya daha çox göndərə bilər: 

“Yəni texniki olaraq bu mümkündür. Ancaq problem ondadır ki, bizdə o qədər istehsal həcmi yoxdur. 

İstehsal həcmi o qədər geniş deyil ki, biz həm Ermənistandan boş qalan bazarı dolduraq, həm də daxili bazara kifayət qədər məhsul çıxaraq".  Ekspertin fikrincə, problem ondan ibarətdir ki, xaricə məhsulları yönləndirən kimi eyni məhsullar daxili bazarda kəskin bahalaşır: 

"Çünki bizdə istehsalın həcmi azdır. Kənd təsərrüfatı məhsullarımın istehsal həcmini, intensivliyini artırmaq lazımdır. Nəticə etibarilə Ermənistandan qadağanın olub-olmamasından asılı olmayaraq, həm Rusiya, həm də digər bazaralara daha çox çıxış imkanı əldə edə bilərik”.

Nigar Abdullayeva
“Cebheinfo.az”