Prezident Administrasiyasında Musa Ağayevlə görüş keçirilib
Yeni Zaman Partiyasının sədri Musa Ağayevlə Prezident Administrasiyasında görüş keçirilib.
Məsələ ilə bağlı məlumat "Cebheinfo.az"-a partiyanın Mətbuat xidmətindən verilib.
4 iyunda Yeni Zaman Partiyasının sədri Musa Ağayevi qəbul edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkədə formalaşmaqda olan yeni siyasi konfiqurasiya çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan mühüm layihələr haqqında məlumatlar verib.
Aparılan fikir mübadiləsi çərçivəsində bildirilib ki, siyasi dialoq mühitinin təşviq olunması prosesindəölkədə fəaliyyət göstərən siyasi partiyalar böyük rol oynayır. Yaranmış sağlam əməkdaşlıq mühiti sayəsində siyasi partiyalar ictimai diskussiyalarda fəal iştirak edir və konkret sahələr ilə bağlı öz praktiki təkliflərini verə bilir.
Görüş zamanı həmçinin regionda və dünyada cərəyan edən proseslər fonunda ölkədə milli həmrəylik mühitinin qorunmasının xüsusi əhəmiyyəti də vurğulanıb.
Daha sonra Azərbaycan dövləti tərəfindən reallaşdırılan müxtəlif səpgili layihələr ətrafında fikir mübadiləsi aparılıb. Ölkənin artan iqtisadi potensialı və beynəlxalq nüfuzunun Azərbaycanın qlobal layihələrin təşəbbüskarı kimi çıxış etməyə imkan verdiyi, habelə son dövrlərdə ölkədə təşkil olunan beynəlxalq tədbirlər sayının artmasının bunun təcəssümü olduğu vurğulanıb.
Müşahidə olunan müsbət dinamikanı və ölkənin dayanıqlı inkişafını təqdir edən Partiya sədri vurğulayıb ki, siyasi partiyalar bu gün aparılan siyasi dialoq sayəsində effektiv demokratik instituta çevrilib.
Cəmiyyətdə siyasi partiyalar ilə bağlı müsbətə doğru dəyişilən ictimai fikir səbəbindən bu gün partiyalar ətrafında peşəkar və vətənpərvər qüvvələr toplaşır ki, onların potensialı dövlət və cəmiyyətin inkişafına xidmət edir.
Görüşün sonunda Musa Ağayev xüsusi olaraq vurğulayıb ki, Yeni Zaman Partiyası bundan sonra da milli maraqlar və dövlətçilik ənənələrinə sadiq qalaraq siyasi dialoq prosesində fəal iştirak edəcək.
"Cebheinfo.az"

