Torpaqlar birləşdirilir: Fermerlər yaxşı qazana bilər

Torpaqlar birləşdirilir: Fermerlər  yaxşı qazana bilər

“Azərbaycanda ilk dəfə olaraq 20 min hektar ərazidə torpaq konsolidasiyası həyata keçiriləcək”. 

Bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və 2026–2030-cu illər üzrə Dövlət Proqramından irəli gələn məsələlərə dair mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib. 

Nazir müavini qeyd edib ki, Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və daha səmərəli istifadəsinin təmin olunması məqsədilə torpaq konsolidasiyası nəzərdə tutulub. 

O qeyd edib ki, layihə çərçivəsində ayrı-ayrı və parçalanmış torpaq sahələrinin daha səmərəli idarə olunması üçün onların birləşdirilməsi və vahid təsərrüfat sahələrinin formalaşdırılması planlaşdırılır. Proqramın ilkin mərhələsində bu tədbirlər 20 min hektar ərazini əhatə edəcək. 

Z.Əliyev, həmçinin vurğulayıb ki, bu dövrdə kənd təsərrüfatının inkişafı üçün hüquqi və institusional çərçivənin təkmilləşdirilməsi, eləcə də infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb:

“Soyuducu anbarların tutumu artırılıb, taxıl elevatorları və logistika infrastrukturu inkişaf etdirilib, fermerlərin lizinq xidmətlərinə çıxışı genişləndirilib. Eyni zamanda, bu müddətdə fermerlərə 96 mindən çox kənd təsərrüfatı texnikası lizinq yolu ilə təqdim olunub”. 

Qeyd edək ki, hazırda vətəndaşlar kiçik pay torpaqlarına malikdirlər və bu da torpaqdan istifadəni çətinləşdirir.  Pay torpaqlarının birləşdirilməsi yerli istehsalı stimullaşdıra bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “Cebheinfo.az”-a bildirib ki, nəzəri olaraq torpaqların birləşdirilməsi istehsalı yaxşılaşdıra bilər: 

“İdeya olaraq təsirli islahatdır. Ancaq həmin torpaqları birləşdirən kimi avtomatik olaraq nəticə əldə etmək olmur. Onun icra prosesindən, prosesin dizaynından çox şey asılıdır. Torpaqların xırda-xırda bölünməsində miqyas effekti olmur. 

Texnologiyadan istifadə edilmədiyinə görə məhsuldarlıq aşağı olur. Miqyas efekti olmadığına görə logistika və suvarma xərcləri yüksək ola bilər. Fermerin də imkanları eyni olmaya, investisiya qoymaq marağı yaranmaya bilər. 

Torpaq konsolidasiyası zamanı qeyd edilən problemlər azalır. Məhsuldarlığın artması imkanı formalaşır. Sahə böyük olduqda, avtomaik olaraq böyük investor ala bilir. Torpaqlar birləşdiyinə görə, məsələn, bir traktorla daha çox ərazini şumlaya bilir. 

Xərclərin, yanacaq sərfiyyatının azalması imkanları var. Suvarma infrastrukturu bir sahə üçün planlaşdırılır. Xırda şirkətlər iri şirkətlər üçün maraqlı deyil. İnvestisiya qoymaq üçün böyük aqrar şirkətlər, sahibkarlar böyük əraziyə üstünlük verirlər". Onun sözlərinə görə, konsolidasiya müsbət nəticələr gətirə bilər: 

"Sahibkar bununla məşğul olduğuna görə həm də onun emalını təşkil edə, eləcə də ixrac problemini həll edə bilər. Ancaq riskləri də var. Sovet dövründə kolxozu yaradanda bəzi narazılıqlar yarandığı kimi kiçik fermerlərin sıxışdırılaraq torpaqlarının alınması ciddi narazılıq yarada bilər. 

Bu da kompensasiya mexanizmi zəif olsa, ciddi mülkiyyət problemi ortaya çıxa, bazarın iri oyunçular tərəfindən ələ keçirilməsi problemi yarada bilər. Ümumilikdə düzgün tətbiq olunsa, yaxşı nəticələr gözləmək mümkündür. 

Məhsuldarlığı artıra, xərcləri azalda, daha yaxşı idarəetməyə gətirib çıxara bilər. Bu zaman əsas diqqət mülkiyyət sahiblərinin hüquqlarının qorunmasıdır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”