16 yaşdan kiçiklər üçün qadağa rəsmiləşir
Böyük Britaniyanın Baş naziri Kir Starmer 16 yaşdan kiçik uşaqlar üçün sosial media platformalarına girişin qadağan ediləcəyini açıqlayıb.
Hökumət qaydanın uşaqları zərərli onlayn məzmundan qorumaq üçün "köklü bir dəyişiklik" olduğunu iddia edib.
"Cebheinfo.az" "Downing Street"ə istinadən xəbər verir ki, Starmer sosial medianın uşaqların zehni sağlamlığına mənfi təsir etdiyini, kiberhücumları asanlaşdırdığını və gənclərin xoşbəxtliyini azaltdığını söyləyib. Baş nazir bu addımın "uşaqlar və onların gələcəyi üçün əsl bir dəyişiklik" olduğunu bildirib.
Plan çərçivəsində 16 yaşdan kiçik istifadəçilər üçün əsas sosial media platformalarına giriş tamamilə bağlanacaq. Qaydalar oyun tətbiqləri kimi onlayn xidmətləri də əhatə edəcək və bu platformalarda tanımadığı insanlarla mesajlaşma kimi xüsusiyyətlər məhdudlaşdırılacaq.
Starmer qərarın asan olmadığını vurğulayaraq, sosial medianın gənclər üçün bəzi üstünlüklər təklif etdiyini etiraf edib, lakin hökumətin əsas prioritetinin uşaqların təhlükəsizliyi olduğunu bildirib: "Bu, çətin, amma düzgün qərardır".
Bildirilib ki, hökumət qanun layihəsini ilin sonuna qədər parlamentə təqdim etməyi və qaydanın gələn ilin yazında qüvvəyə minməsini hədəfləyir. Starmer bəzi gənclərin qadağanı aşmağa çalışa biləcəyi ilə bağlı tənqidlərə cavab olaraq bildirib ki, bu, qaydanın zəruriliyini inkar etmir. Starmer açıqlamasında deyib:
"Qanunlarımız həm də dəyərlərimizin ifadəsidir. Bu qayda uşaqlarımızın təhlükəsizliyini və rifahını artıracaq".
Baş nazir, həmçinin ABŞ-də yerləşən texnologiya şirkətlərinin potensial etirazından narahat olmadığını bildirib və eyni zamanda, uşaqları qoruyarkən texnologiyanı və süni intellekti dəstəkləməyin mümkün olduğunu vurğulayıb.
Hökumətin bazar günü açıqladığı məlumatlara görə, ictimai məsləhətləşmələrdə valideynlərin təxminən 90 faizi sosial media üçün 16 yaş həddini dəstəkləyib.
Nigar
"Cebheinfo.az"

