Uşaq üçün yığım: Azərbaycanda niyə dəb deyil?

Uşaq üçün yığım: Azərbaycanda niyə dəb deyil?

Xaricdə bir çox ölkədə “uşaq üçün yığım hesabı” modeli geniş yayılıb. Uşaq doğulan andan onun adına bank hesabı açılır və ailə hər ay müəyyən məbləğ köçürür. 

Bu vəsait illər ərzində yığılır və uşaq böyüdükdə təhsil, peşə hazırlığı, hətta ilkin həyat xərcləri üçün istifadə olunur. Bu model həm ailəyə maliyyə planlama vərdişi qazandırır, həm də uşağın gələcəyini daha stabil edir. Azərbaycanda isə bu ənənə hələ geniş şəkildə formalaşmayıb.

"Cebheinfo.az"-ın araşdırmasına əsasən, iqtisadi reallıq göstərir ki, erkən yığım gələcəkdə böyük fərq yarada bilər. Sadə bir hesabla baxsaq, əgər bir ailə yeni doğulan uşağı üçün ayda kiçik məbləğ ayırsa belə, uzun müddətdə ciddi bir kapital formalaşa bilər.

Sadə hesablamaya baxsaq, aylıq 50 manatlıq yığım 1 ildə 600 manat edir. Bu, 18 ilə vurulduqda təxminən 10800 manat deməkdir. Əgər aylıq məbləğ 100 manat olarsa, 18 ilin sonunda bu rəqəm 21600 manata çatır. 

Aylıq 150 manat yığım isə 18 ildə 32,400 manatlıq bir vəsait formalaşdırır. Burada nəzərə almaq lazımdır ki, bu sadəcə yığılan əsas məbləğdir, bank faizi və ya investisiya gəliri daxil deyil.

Əgər bu vəsait bank depozitində illik orta 5–7 %gəlirlə saxlanılsa, 18 ilin sonunda ümumi məbləğ daha da arta bilər və təxminən 30–40 % əlavə dəyər yarada bilər. Yəni uzunmüddətli yığım sadə pul toplamaqdan daha çox, maliyyə artımı deməkdir.

Orta bir ailənin aylıq gəliri 1000–1500 manat arasında götürüldükdə, aylıq 50 manatlıq yığım gəlirin təxminən 3–5%, 100 manatlıq yığım 7–10 %, 150 manatlıq yığım isə 10–15 % təşkil edir. Bu göstərici onu göstərir ki, uşağın gələcəyi üçün ayrılan vəsait ailənin gündəlik həyatını ciddi şəkildə çətinləşdirmir.

Bu gün real xərclərə baxdıqda isə fərq daha aydın görünür. Bir uşağın əlavə təhsil xərcləri ildə orta hesabla 800–2000 manat, ali məktəb xərcləri 2000–4000 manat, xaricdə təhsil isə illik 10000 manatdan yuxarı ola bilir. Bu baxımdan, 18 il ərzində formalaşan 10000–30000 manatlıq yığım uşağın gələcəyi üçün real maliyyə dəstəyi rolunu oynaya bilər.

Yəni məsələ böyük məbləğlər ayırmaq deyil, erkən yaşdan kiçik və davamlı yığım vərdişinin formalaşdırılmasıdır. Bu gün kiçik görünən 50–100 manatlıq məbləğlər 15–18 il sonra uşağın həyat yoluna ciddi təsir edə biləcək maliyyə imkanına çevrilə bilər.

Gülər Həsənli 
"Cebheinfo.az"