Simonyandan biabırçılığın etirafı: “Elə bilirdik ki, müharibədə ruslara zəng edəcəyik və..."

“Bizim siyasi biabırçılığımız ondan ibarətdir ki, biz hakimiyyətə gələndən sonra eyni məntiq çərçivəsində yaşayıb, fikirləşib, Dağlıq Qarabağ məsələsində 30 il mövcud olan məntiqə inanmışıq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 8-də jurnalistlərlə söhbətində deyib.
Onun dediyinə görə, məntiq ondan ibarət idi ki, ruslara zəng edirsən və onlar müharibəni dayandırırlar.
"Bu, bizim ayıbımızdır. Düşündük ki, bu sistem işləyirsə, ona toxunmamaq daha yaxşıdır. Amma onlar müharibəni cibimizə atdılar və getdilər. Bəli, müharibənin, illüziyanın, yalanın cibimizə atılmasına icazə verib getməyimiz ayıbdır", - Simonyan qeyd edib.
O əlavə edib ki, 2020-ci ilin yanvarında üçüncü prezident Serj Sarkisyan korrupsiya ittihamı ilə mühakimə olunanda meqafon götürərək Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacağını bəyan edib.
"Mənə maraqlı idi ki, o, nə danışır. Hamı bunu çox yaxşı bilirdi, 2016-cı ilin aprel müharibəsi zamanı da bilirdilər. Bizim siyasi biabırçılığımız odur ki, biz hakimiyyətə ilk gələndə Ermənistana və erməni xalqına bu cür düşmənçiliklə yanaşa biləcəklərini təsəvvür etmirdik", - Alen Simonyan vurğulayıb.
Xəzər
“Cebheinfo.az”