Tramp Konqreslə məlumat mübadiləsini məhdudlaşdıracaq

Tramp Konqreslə məlumat mübadiləsini məhdudlaşdıracaq

ABŞ ordusunun İranın nüvə obyektlərinə hücumunun prezident Donald Trampın iddia etdiyi qədər uğurlu olmadığını göstərən məlumatların sızmasından sonra ABŞ administrasiyası Konqresə məxfi məlumatların verilməsini məhdudlaşdırmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Axios” portalı məlumat yayıb.

Məlumata görə, hökumət məxfi məlumatların Konqresə göndərilməsi üçün istifadə edilən CAPNET sistemində məlumatların yerləşdirilməsini məhdudlaşdıracaq.

Qeyd edək ki, Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) əməliyyatla bağlı qiymətləndirməsi iyunun 23-ü axşam CAPNET-də yerləşdirilib. Ertəsi gün, iyunun 24-də CNN, sonra isə “The New York Times“ hesabatdan məlumatları dərc edib.

Məlumatda qeyd olunur ki, İranın nüvə proqramı məhv edilməyib, cəmi bir neçə ay geri çəkilib. Məlumatların mediada dərc olunması Trampı qəzəbləndirib.

"Cebheinfo.az"