İtaliyada supermarket şəbəkəsi İsrail məhsullarını rəflərdən yığışdırdı

İtaliyada tanınmış “Coop Alleanza 3.0” adlı supermarket şəbəkəsi, Fələstinlə həmrəylik nümayiş etdirmək və İsrailin Qəzzaya hücumları ilə blokadasını etirazla qarşılayaraq bəzi İsrail məhsullarını rəflərindən çıxarmaq qərarı alıb.
"Cebheinfo.az" xəbər verir ki, şirkətin yaydığı açıqlamada qeyd olunub:
“Qəzza Zolağında davam edən zorakılığa biganə qala bilmərik və kooperativ hər zaman tərəddüdsüz şəkildə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qurum, təşkilat və birliklərin yanında yer almışdır. İsrail hökumətinin Qəzza zolağındakı mülki əhaliyə humanitar yardımı əngəlləməsi də eyni dərəcədə sərt şəkildə qınanır”.
Açıqlamada son həftələrdə bölgədə gərginliyin artdığı vurğulanaraq bildirilib ki, bu vəziyyət “Coop Alleanza 3.0”-ı mövqeyində ardıcıl olmaq üçün bəzi İsraildə istehsal olunan yer fıstığı və tahin məhsulları ilə yanaşı Sodastream markalı məhsulları da rəflərdən çıxarmaq qərarına gətirib.
Bu qərarın, yaxın günlərdə Etika Komissiyası tərəfindən əvvəlki İdarə Heyətinə təqdim olunan hesabatın təsiri ilə verildiyi də açıqlanıb.
Nigar Hacılı
"Cebheinfo.az"