Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri danışdılar - VİDEO

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.
"Cebheinfo.az" Xəzər TV-yə istinadən xəbər verir ki, zərərçəkənlərin yaxınlarının sözlərinə görə, onların səhhətlərində dönər yedikdən sonra ciddi narahatlıq yaranıb.
"Dönərin yarısını yemişdilər, uşaq bir anda göyərdi, dayanmadan qusmağa başladı. Tez-tələsik xəstəxanaya apardıq. İki sistem qoşublar, amma hələ də özünə gəlməyib", - deyə zərərçəkənin yaxını bildirib.
Digər zərərçəkənin nənəsi isə deyib ki, nəvəsi məktəbin yaxınlığında yerləşən dönərxanadan dönər sifariş verib. Yedikdən sonra özünü pis hiss edib və qusmağa başlayıb.
"Xəstəxanada dedilər ki, bu gün zəhərlənmə diaqnozu ilə müraciət edənlərin sayı çoxdur", - o əlavə edib.
Ətraflı süjetdə:
20:48
"Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.
Bildirilib ki, ilkin araşdırmalar nəticəsində hadisənin Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən "022" dönər evində baş verdiyi müəyyən edilib.
"Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək, laborator müayinələrə göndərilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, zəhərlənənlərin sayı 26 nəfərə çatıb.
20:12
Tovuzda zəhərlənənlərin sayı artıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, iyunun 25-də saat 16:55-dən etibarən 20 nəfər (10-u kişi, 10-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib. Hazırda müalicələri tibb müəssisəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində davam etdirilir", - deyə məlumatda qeyd olunub.
19:18
"İyunun 25-də saat 16:55-dən etibarən 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib".
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verib.
Qurumdan bildirilib ki, hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib və onların vəziyyəti orta-ağır dərəcədə qiymətləndirilib.
"Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Eyni zamanda, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisənin səbəbləri, o cümlədən zəhərlənmənin qida ilə bağlı olub-olmaması məsələsi ilə bağlı agentliyin mütəxəssisləri və aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
"Hazırda araşdırma davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək", - deyə AQTA-nın açıqlamasında qeyd olunub.
"Cebheinfo.az"