Trampın varisi kim olacaq? – Rubio ona güzəşt edəcək
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 2028-ci ildə prezident olmaq niyyətini açıqlasa, Dövlət katibi Marko Rubio bu posta Respublikaçılar Partiyasından namizədliyini irəli sürməyəcək.
“Cebheinfo.az”-ın məlumatına görə, Dövlət katibinə yaxın mənbələr “Associated Press”-ə açıqlamasında belə deyib.
Agentliyin məlumatına görə, Rubio müşavirləri və köməkçiləri ilə söhbətlərində Vensə yol vermək niyyətini dəfələrlə bildirib.
Həımçinin qeyd edilir ki, son aylarda Dövlət katibi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi kimi Rubio, Ağ Evin Milli Təhlükəsizlik Şurasında əsas vəzifələrə özünə sadiq tərəfdarlarını təyin etməklə administrasiya daxilində təsirini əhəmiyyətli dərəcədə gücləndirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda “Fortune” jurnalına verdiyi müsahibədə 2028-ci ildə mümkün varislə bağlı sualı cavablandırmaqdan yayınmışdı.
Amerika mediası tez-tez Rubio və Vensi qarşıdan gələn seçkilərdə prezidentliyə aparıcı respublikaçı namizədlər kimi qeyd edir.
Müşfiq Abdulla
“Cebheinfo.az”

