Bazarlar bağlanır: Marketlərin “bazarı”açılır

Bazarlar bağlanır: Marketlərin “bazarı”açılır

Azərbaycanda ərzaq bazarlarının fəaliyyəti uzun illərdir həm alıcıların, həm də nəzarət qurumlarının diqqət mərkəzindədir.

Məhsulların saxlanma şəraiti, sanitariya qaydalarına əməl olunması və qida təhlükəsizliyinin təmini ilə bağlı zaman-zaman müxtəlif problemlər gündəmə gəlir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qeyd edib ki, ərzaq bazarlarında vəziyyət ürəkaçan deyil. 

Qoşqar Təhməzlinin sözlərinə görə, ərzaq bazarlarında isə ümumilikdə 84 ərzaq bazarında yoxlama aparılıb. Onlardan 17 ərzaq bazarında aşkar edilmiş nöqsanlar tam aradan qaldırılıb və qanunvericiliyin tələblərinə uyğun sağlamlaşdırma işləri həyata keçirilib: 

“Səkkiz bazarda nöqsanlar qismən aradan qaldırılıb. Digər 59 bazarda isə nöqsanların aradan qaldırılması istiqamətində işlər hazırda davam etdirilir. 

Fürsətdən istifadə edərək bazar sahiblərinə və rəhbərlərinə müraciət etmək istəyirik ki, mövcud nöqsanları ən qısa zamanda aradan qaldırsınlar. Əks təqdirdə, heyvan bazarlarında tətbiq etdiyimiz yanaşmada olduğu kimi, həmin obyektlərdə də dövlət nəzarəti tədbirləri həyata keçiriləcək və sağlamlaşdırma işlərinin icrasına ciddi nəzarət olunacaq”. 

Bazarların sağlamlaşdırılması və standartlara uyğunlaşdırılması marketlərdə qiymətlərə necə təsir göstərəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, ilk vaxtlar bəzi xərclər artsa da, gələcəkdə bu dəyişikliklər həm satıcılara, həm də alıcılara fayda verə bilər: 

Bazarlarda standartlara və qaydalara uyğun fəaliyyətin təmini, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və bazarların sağlamlaşdırılması müəyyən mərhələdə əlavə xərclərə səbəb ola bilər. Bu xərclər məhsulların qiymətinə də təsir göstərə bilər. 

Marketlərlə bazarlar arasındakı qiymət fərqinin səbəblərindən biri də məhz budur. Məsələn, marketlərdə soyuducu sistemlərin qurulması və işlədilməsi, sanitariya tələblərinin yerinə yetirilməsi, avadanlıqların yenilənməsi və digər infrastruktur xərcləri tələb olunur. Bütün bunlar investisiya tələb edən məsələlərdir və bəzi hallarda kredit hesabına həyata keçirilir və ya sahibkar tərəfindən qarşılanır”. 

Onun sözlərinə görə, orta və uzunmüddətli perspektivdə isə standartların və saxlanma şəraitinin yaxşılaşdırılması məhsul itkilərini azalda bilər: 

“Əvvəllər məhsullar lazımi şəraitdə saxlanılmadığı üçün tez xarab olur, satıcılar onları ucuz qiymətə satmağa məcbur qalır və ya ümumiyyətlə, məhv edirdilər. Saxlanma şəraitinin yaxşılaşdırılması isə məhsulların ömrünü uzada və itkiləri minimuma endirə bilər. 

Bundan əlavə, sanitariya və saxlanma şəraiti yaxşılaşdıqca alıcıların bazarlara olan etimadı da arta bilər. Əgər bəzi vətəndaşlar antisanitar vəziyyətə görə bazarlardan alış-veriş etmirdilərsə, şəraitin yaxşılaşdırılması onların geri qayıtmasına səbəb ola bilər. 

Buna görə də qısamüddətli dövrdə bazar təşkilatçılarının xərcləri artsa da, orta və uzun müddətdə bu addımların faydası daha çox olacaq”. Ekspert qeyd edib ki, bu məsələlər könüllü xarakter daşımır: 

“Ərzaq məhsulları satılırsa, onlar mütləq müəyyən olunmuş standartlara uyğun saxlanılmalıdır. Çünki söhbət insanların sağlamlığından gedir. Mümkündür ki, nöqsanları aradan qaldırmaq istəməyən bəzi obyektlərin fəaliyyəti müvəqqəti və ya tam dayandırılsın. 

Əgər qida təhlükəsizliyi normaları pozulursa və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə əməl olunmursa, qanunvericilikdə nəzərdə tutulan məhdudlaşdırıcı tədbirlər tətbiq edilə və obyektlərin fəaliyyəti dayandırıla bilər. 

Bununla yanaşı, hesab edirəm ki, belə sərt tədbirlər tətbiq olunarkən sahibkarlara müəyyən keçid müddəti verilməlidir. Qaydalar birdən-birə tətbiq edilməməli, nöqsanların aradan qaldırılması üçün vaxt verilməlidir. Sahibkarları bir anda çətin vəziyyətə salmaq düzgün yanaşma olmaz”. 

Gülər Həsənli 
“Cebheinfo.az”