Deputat: “Azərbaycan bu sahədə iş yerləri yaratmaq istəyir"

Deputat: “Azərbaycan bu sahədə iş yerləri yaratmaq istəyir"

Xəbər verdiyimiz kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.

Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında çıxışı zamanı bildirilib ki, süni intellekt dövlətlərin təhlükəsizliyinin təmin edilməsində getdikcə daha mühüm rol oynayır və bu sahədə sürətli inkişaf yeni imkanlarla yanaşı, yeni risklər də yaradır.

Birinci vitse-prezident vurğulayıb ki, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir:

“Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq”.

Millət vəkili Aydın Mirzəzadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, kibertəhlükəsizlik və süni intellekt məsələsi müasir bəşəriyyətin ən aktual problemlərindən birinə çevrilib:

“Bir tərəfdən bu, inkişafa çox ciddi dəstək verir, digər tərəfdən isə bundan təxribat və yaxud dələduzluq məqsədilə istifadə edənlər də tapılır. Bu baxımdan istənilən dövlətin bu gün gücü, o cümlədən bu sahədə yeritdiyi siyasətdən və qurduğu təhlükəsizlik mexanizmindən asılıdır.

Cənab Prezidentin Sərəncamı ilə Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması bu məsələnin Azərbaycan dövlətinin, şəxsən Prezidentin diqqət mərkəzində olduğunu göstərir”.

O qeyd edib ki, Azərbaycan süni intellekt sahəsində ciddi hazırlıq mərhələsindədir:

“Mehriban xanım Əliyevanın rəhbərliyi ilə iki gün əvvəl Şuranın iclasının keçirilməsi, orada Mehriban xanımın bu məsələyə xüsusi önəm verməsi, aidiyyəti rəhbərlərin bu sahəyə dair hesabatlarının və görülən işlər barədə məruzələrinin dinlənilməsi Azərbaycanın bu məsələdə çox ciddi, eyni zamanda hərtərəfli hazırlıqlı mövqe tutduğunu göstərir.

Bir müddət əvvəl cənab Prezidentin tapşırığı ilə bütün nazirliklərdə və böyük xidmətlərin rəhbərlərinin müavinlərindən birinin mütləq süni intellekt və rəqəmsal məsələlər üzrə məsul olması müəyyən edildi.

Azərbaycan universitetlərində bu gün kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasına böyük önəm verilir. Digər dövlətlərlə əməkdaşlıq, xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi də vacib məsələlərdən biridir”.

Onun sözlərinə görə, rəqəmsal inkişaf bu gün iqtisadiyyatın gəlirli sahələrindən birinə çevrilib:

“Azərbaycan bu sahədə də iş yerləri yaratmaq, dövlət büdcəsinə gəlirlərin bu istiqamətdən də daxil olmasını təmin etmək niyyətindədir. Məsələ ciddi şəkildə gündəmdədir.

Bu gün bu, dövlətin, eləcə də dövlət qurumlarının diqqət mərkəzindədir. Birinci vitse-prezidentin bu məsələləri şəxsən nəzarət altında saxlaması bir daha sübut edir ki, Azərbaycan rəqəmsal inkişaf sahəsində qabaqcıl yerlərdən birini tutmağa çalışır. Bu istiqamətdə atılacaq addımlar həmişə müasir tələblərə uyğun olacaqdır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”