QHT rəhbərləri kimi çempion görür? - SORĞU

QHT rəhbərləri kimi çempion görür? - SORĞU

2026-cı il FIFA Dünya Çempionatı iyunun 11-də ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə start götürüb. 

Tarixdə ilk dəfə üç ölkənin təşkil etdiyi mundial həm iştirakçı komandaların sayının 48-ə çatdırılması, həm də yeni formatı ilə diqqət çəkir. Dünyanın ən nüfuzlu futbol turnirinin başlaması ilə azarkeşlər arasında ən çox müzakirə olunan məsələlərdən biri də çempionluğa ən real namizədin hansı komanda olmasıdır. 

Dünya çempionatlarında favorit müəyyənləşdirmək heç vaxt asan olmayıb. Çünki belə turnirlərdə təkcə ulduz futbolçuların və ya güclü heyətin olması kifayət etmir. Komandanın forması, məşqçi amili, oyun intizamı, psixoloji hazırlıq və hətta püşkün nəticələri belə yekun uğura təsir göstərə bilir. 

Buna baxmayaraq, son illərdəki nəticələr və mövcud heyətlər nəzərə alındıqda, bir neçə yığma digərlərindən daha şanslı görünür. Fransa, Argentina, Braziliya, İngiltərə, İspaniya, Almaniya və Portuqaliya mütəxəssislərin ən çox şans verdiyi komandalar sırasındadır. 

Bu kollektivlər həm böyük turnir təcrübəsinə, həm də yüksək səviyyəli futbolçulara malikdir. Xüsusilə son illərdə beynəlxalq arenada sabit çıxış edən komandalar favoritlər siyahısında ilk sıralarda yer alırlar.

Bəs QHT rəhbərləri bu mundialın favoriti kimi hansı komandanı görürlər? 

QHT rəhbərləri “Cebheinfo.az”ın sorğusuna cavab olaraq 2026-cı il Dünya Çempionatının mümkün qalibi ilə bağlı fikirlərini bölüşüblər. 

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə hesab edir ki, bu çempionatda əsas favorit İspaniya yığmasıdır.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü isə İngiltərə millisinin çempionluğa ən layiqli namizədlərdən biri olduğunu düşünür:

“Açığı, mən İngiltərə komandasını çempionluğa ən layiqli namizəd sayıram”. 

Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev isə mundialın hələ yeni başladığını vurğulayaraq dəqiq proqnoz verməyin çətin olduğunu bildirib: 

“Dünya Çempionatı yeni başlayıb. Dəqiq proqnoz vermək hələlik çox tezdir. Amma təxminlərimə görə, bu çempionatın qalibi Latın Amerikası ölkələrindən biri olacaq. Favoritlərim Meksika və Braziliyadır. Könül istərdi ki, finalda iki türk dövləti – Türkiyə və Özbəkistan qarşılaşsın, qalib də ən güclü olan tərəf olsun”. 

Aişə Abdulova 
“Cebheinfo.az”