Qazaxda Azərbaycanla Ermənistan arasında çəkilən sərhəd xəttinin tikintisi davam edir
Ermənistan və Azərbaycan hələ də Qazax rayonunun Aşağı Əskipara kəndi istiqamətində sərhəd xəttinin tikintisini başa çatdırmayıblar.
“Cebheinfo.az” xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən mətbuata verilən açıqlamada belə deyilir.
“Aşağı Əskipara ilə sərhəd məntəqəsində sorğuda göstərilən koordinatlarda tikanlı məftil çəpərlərin quraşdırılması məqsədilə müvafiq işlər görülür. Aşağıdakı xəritədə Bağanis və Voskepar kəndləri yaxınlığında sərhəd demarkasiyası nəticəsində tikilmiş hasar qırmızı xətt ilə işarələnib. Narıncı rənglə işarələnmiş hissənin uzunluğu bir neçə yüz metrdir və tikanlı məftillər hələ quraşdırılmayıb.
Əvvəllər Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olmuş və Azərbaycana verilmiş ərazi tünd qəhvəyi rənglə qeydə alınıb. Delimitasiyadan sonra tamamilə Azərbaycan tərəfinin nəzarətinə keçən, Ermənistan silahlı qüvvələri ilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin keçmiş mövqeləri arasındakı ərazi açıq qəhvəyi rənglə işarələnib”, - deyə məlumatda bildirilir.
Milli Təhlükəsizlik Xidməti 2024-cü ildə başlayan delimitasiya və demarkasiya prosesindən sonra sərhəd hasarının hələ də son formasını almamasının səbəblərini açıqlamayıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”


