115 yaşlı qadın bədənini vəsiyyət etdi
Yaşlanma orqanizmdə mutasiyaların yığılması prosesidir.
Lakin uzunömürlü insanlarda bu mutasiyalar genomun mühüm sahələrinə təsir göstərmir. Bildirək ki, molekulyar biologiya və genetika sahələrində genom orqanizmin bütün genetik məlumatıdır.
Cebhe. info xəbər verir ki, bu barədə Vavilov adına Rusiya ümumi Genetika İnstitutunun aparıcı elmi işçisi, genetik Konstantin Krutovski Rusiya mətbuatına müsahibəsində danışıb.
Qeyd edək ki, tədqiq olunan ən qədim genom Hendrike van Andel-Şipper adlı qadın olub. O, 115 il yaşayıb və vəsiyyət edib ki, onun bədəni elmi tədqiqat üçün istifadə olunsun.
"115 il yaşayan həmin qadının leykositlərində 450 mutasiya aşkar edilmişdi, lakin onların heç biri ölümcül olmamışdı",-deyə Krutovski bildirib.
"Telomerlər də həmişəkindən xeyli qısa idi",-mütəxəssis deyib.
Qeyd edək ki, telomerlərin uzunluqları orqanizmdəki hüceyrələrin yaşam müddətini göstərir və hər bir hüceyrənin bölünməsində telomerlər qısalır və bu qısalma yaşlanmanın başlanğıcı olaraq qəbul edilir.
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, qadın xroniki xəstəliklərdən əziyyət çəkməyib və qısa müddətdə mədə xərçənginin metastazlarından dünyasını dəyişib. Araşdırma nəticəsində müəyyən edilib ki, onun ürək-damar sistemi nisbətən sağlam olub.
Həmçinin məlum olub ki, yaşının çox olmasına baxmayaraq, hollandiyalı qadın demensiyadan əziyyət çəkməyib.
"Xərçəng, əlbəttə ki, onun ölümünü sürətləndirdi, əks halda, kim bilir, o nə qədər yaşayacaqdı",-deyə alim yekunlaşdırıb.
Sevinc Tapdıqqızı
Cebhe. info

