İnsanlar arasında ünsiyyət niyə azalıb?
Əvvəllər Azərbaycan kəndlərində insanlar daha sıx ünsiyyətdə olur, bir-birinin sevincinə və dərdinə şərik çıxırdı.
Evlərin tikintisi, məhsul yığımı, toy və yas mərasimləri çox vaxt kollektiv şəkildə həyata keçirilirdi. Lakin son illərdə bu ənənəvi həyat tərzi əvvəlki gücünü itirib.
“Cebheinfo.az”-ın araşdırmasına əsasən, bunun əsas səbəblərindən biri kəndlərdən şəhərlərə köçün artmasıdır.
İş və təhsil imkanları üçün gənclərin böyük hissəsi şəhərlərə köçür. Buna görə də kəndlərdə yaşlı əhali üstünlük təşkil edir və ictimai fəallıq azalır. Halbuki illər əvvəl taxıl yığımı və ya bağ-bostan işləri zamanı kənd sakinləri növbə ilə bir-birinə yardım edirdilər.
Məsələn, bu gün bir ailənin sahəsində işləyən kəndlilər, sabah başqa ailənin sahəsinə gedirdilər. İndi isə texnika və muzdlu işçilər bu ənənəni böyük ölçüdə əvəz edib.
Kəndlərdə kollektiv həyatın zəifləməsinin əsas səbəblərindən biri miqrasiyadır. Bir çox kəndlərdə gənclər təhsil və iş üçün şəhərlərə köçür. Nəticədə kəndlərdə əhalinin sayı azalır, insanlar arasındakı əlaqələr də zəifləyir.
Məsələn, əvvəllər 30-40 şagird oxuyan kənd məktəblərində indi bəzən bir sinifdə cəmi 5-6 şagird olur.
Texnologiyanın inkişafı da münasibətləri dəyişib. Əvvəllər insanlar axşamlar kəndin mərkəzində, çayxanada və ya həyətlərdə bir araya gələrək söhbət edirdilər. İndi isə bir çoxları boş vaxtını telefon və sosial şəbəkələrdə keçirir.
Eyni kənddə yaşayan insanlar bəzən bir-biri ilə internetdə daha çox yazışır, nəinki üz-üzə görüşür.
Toy və yas mərasimlərində də dəyişiklik hiss olunur. Keçmişdə toy hazırlıqlarında bütün kənd iştirak edirdi. Qadınlar yemək bişirir, kişilər qonaqların qarşılanmasına kömək edirdi. İndi isə bu işlərin çoxu şadlıq evləri və xidmət şirkətləri tərəfindən görülür.
Kənd mağazaları da bir vaxtlar insanların görüş yerinə çevrilirdi. Sakinlər alış-verişdən daha çox söhbət etmək üçün oraya gedirdilər. Bu gün isə insanlar alış-verişi daha tez edib evə qayıdır, ünsiyyət üçün əvvəlki qədər vaxt ayırmırlar.
Maraqlıdır ki, bəzi kəndlərdə insanlar qonşularının adını tanısa da, onların nə işlə məşğul olduğunu və ya hansı problemlərlə üzləşdiyini bilmirlər. Halbuki 20-30 il əvvəl kənddə baş verən hər hadisədən demək olar ki, hamı xəbərdar olurdu.
Kollektiv həyat tərzinin zəifləməsi kəndlərdə sosial münasibətlərə də təsir göstərir. İnsanlar bir-birindən uzaqlaşdıqca həmrəyliyin azalması, ənənələrin unudulması və icma ruhunun zəifləməsi kimi hallar ortaya çıxır.
Gülər Həsənli
“Cebheinfo.az”


