95 milyardlıq "qisas" hazırlayır

95 milyardlıq "qisas" hazırlayır

Avropa İttifaqı Komissiyası ABŞ ilə avtomobillər və qarşılıqlı tariflər mövzusunda fikir ayrılığının danışıqlar yolu ilə həll edilə bilməyəcəyi təqdirdə atılacaq addımlarla bağlı açıqlama yayıb.

"Cebheinfo.az" xəbər verir ki, açıqlamada Aİ ilə ABŞ arasında aparılan danışıqların qarşılıqlı faydalı nəticə ilə və ABŞ-nin tariflərinin ləğvi ilə nəticələnməyəcəyi təqdirdə qarşı tədbirlərə məruz qalacaq məhsulların siyahısının hazırlandığı bildirilib.

Siyahı ABŞ-dən sənaye və kənd təsərrüfatı məhsullarının geniş spektrini əhatə edən 95 milyard avro dəyərində idxalı əhatə edir. Açıqlamada ABŞ-nin açıqladığı tariflərin 90 günlük qismən dayandırılması çərçivəsində Aİ-nin prioritetinin danışıqlar yolu ilə qarşılıqlı faydalı və balanslı həll yolu tapmaq olduğu bildirilib.

Aİ-nin danışıqlarda heç bir nəticə əldə edilmədiyi təqdirdə istehlakçılarını və sənayesini müdafiə etmək üçün mümkün əks tədbirləri hazırlamağa davam etdiyi virğulanıb. Həmçinin Aİ-nin Ümumdünya Ticarət Təşkilatında (ÜTT) avtomobil və avtomobil hissələri ilə qarşılıqlı tariflər məsələsində ABŞ ilə rəsmi məsləhətləşmə prosesinə başlayacağı bildirilib.Aİ-nin tədbirlərinə tabe olacaq ABŞ məhsullarının siyahısı 218 səhifədən ibarətdir.

Siyahıya şərab, balıq, atlar, təyyarələr, avtomobillər və hissələri, kimyəvi maddələr, maşınlar və sağlamlıq avadanlıqları kimi bir çox məhsul daxildir.
Bu mərhələdə siyahıda olan məhsullarla bağlı Aİ-yə üzv dövlətlər və Avropa şirkətləri ilə bir aylıq məsləhətləşmə prosesi başlayıb.

ABŞ Prezidenti Donald Tramp Aİ ölkələrindən idxal olunan polad və alüminium məhsullarına 25 faizlik gömrük rüsumu tətbiq edib. Tramp daha sonra Aİ məhsullarına 20 faizlik qarşılıqlı rüsum tətbiq etdiyini açıqlayıb. ABŞ, həmçinin bütün avtomobil və avtomobil hissələri idxalına 25 faizlik rüsum tətbiq edib.

Nigar
"Cebheinfo.az"