Bill Qeyts sərvətinin 99 faizini bağışlayacaq

Bill Qeyts sərvətinin 99 faizini bağışlayacaq

“Microsoft”-un qurucusu Bill Qeyts 2045-ci ilə qədər sərvətinin 99 faizini bağışlamağı planlaşdırıb. 

"Cebheinfo.az" xəbər verir ki, 69 yaşlı Qeyts bunu cümə axşamı yayımladığı bloq yazısında bildirib. O, öz açıqlamasında “Öldüyümdə insanlar mənim haqqımda çox şey söyləyəcək, amma "varlı öldü" ifadəsinin onlardan biri olmayacağına əminəm", -deyib. 

O, öz adını daşıyan fondun bu günə qədər səhiyyə və inkişaf layihələrinə 100 milyard dollar məbləğində yardım etdiyini, qarşıdakı 20 ildə isə inflyasiya və bazar şərtlərindən asılı olaraq daha 200 milyard dollar xərcləməyi planlaşdırdığını açıqlayıb. 

Qeyts gələcəkdə, yəni 20 ildən sonra qarşıdakı çətinliklərin öhdəsindən gəlməyi bacaracaq başqa varlı insanların olacağını qeyd edib. O, "Əsas məsələ təcili  addımlardır. Əgər əbədiyyət üçün çalışmırıqsa, daha çox vəsait xərcləyə bilərik və bunun mənim dəyərlərimlə uyğun olduğunu bilirəm”, – deyə bildirib. 

Dünyanın ən zəngin beşinci adamı olan Bill Qeyts bloq yazısında sərvətinin zaman qrafikini də paylaşıb. Onun əl ilə çəkdiyi böyük ox şəklindəki qrafikə əsasən, hazırda 108 milyard dollar olan xalis sərvəti  2045-ci ildə sıfıra yaxınlaşacaq.

Əfsanə Rəcəb 
"Cebheinfo.az"