Avstraliyada şok olay: 460 qadının...
Avstraliyada Sinqapur əsilli 28 yaşlı təcrübəçi cərrah Ryan Çonun qadın əməkdaşları gizli şəkildə lentə alması ilə bağlı qalmaqallı faktlar üzə çıxıb.
“Cebheinfo.az” xəbər verir ki, Ryan Ço 2021–2025-ci illərdə Melburndakı Austin Xəstəxanası, Royal Melbourne Xəstəxanası və Peter MacCallum Xərçəng Mərkəzində çalışdığı dövrdə tualet və duş kabinələrinə gizli kameralar yerləşdirərək qadın işçiləri qeydə alıb.
Məhkəmədə o, təqib, intim görüntülərin qanunsuz hazırlanması və gizli kameraların quraşdırılması da daxil olmaqla, irəli sürülən 13 ittihamın hamısı üzrə təqsirini etiraf edib.
İstintaq zamanı onun elektron daşıyıcılarından azı 460 zərərçəkənə aid ümumilikdə 4 500 intim video aşkarlanıb. Bundan başqa, müsadirə edilmiş sərt disklərdən birində 10 374 foto və video faylı müəyyən edilib.
Rəsmilər bildiriblər ki, Ço keçmiş otaq yoldaşını da xəbəri olmadan gizli şəkildə lentə alıb.Qalmaqal 2025-ci ildə Austin Xəstəxanasının yalnız əməkdaşlar üçün nəzərdə tutulmuş sanitar qovşağında gizli kameranın aşkar edilməsindən sonra üzə çıxıb.
Təxminən 30 dəqiqə davam edən məhkəmə iclasında ittihamları qəbul edən Ço ciddi nəzarət şərtləri ilə zaminə buraxılıb.
Məhkəmənin qərarına əsasən, onun pasportu müsadirə edilib, yalnız təcili tibbi zərurət yarandıqda xəstəxanalara getməsinə icazə verilib.
Həmçinin o, həftədə üç dəfə polisə qeydiyyata düşməli, şahidlərlə əlaqə saxlamamalı və evindən kənarda foto və ya video çəkilişi aparmağa imkan verən hər hansı cihazdan istifadə etməməlidir.
Ryan Çonun növbəti məhkəmə iclası noyabrın 23-nə təyin olunub. Həmin iclasda zərərçəkənlərin ifadələrinin dinlənilməsi gözlənilir.
Bildirilir ki, əksəriyyəti qadın olmaqla, 100-ə yaxın zərərçəkən çalışdıqları üç xəstəxanaya qarşı cinsi zorakılıq və iş yerində ayrı-seçkilik iddiaları ilə insan hüquqları üzrə şikayətlər təqdim edib.
Əfsanə
“Cebheinfo.az”

