Fidan: "İran və ABŞ arasında atəşkəs rejimi qoruna bilər"

Fidan: "İran və ABŞ arasında atəşkəs rejimi qoruna bilər"

ABŞ Prezidenti Donald Trampın atəşkəsin başa çatması barədə sözlərinə baxmayaraq, İran və ABŞ arasında atəşkəs rejimi qoruna bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən NATO sammitindən sonra "The National" nəşrinə müsahibəsində bildirib.

Fidan İranın son addımlarını (Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına endirilən zərbələr - red.) cavab reaksiyası adlandırıb və baş verənlərin tərəflər arasındakı anlaşılmazlığın nəticəsi olduğu bildirib.

"Düşünürəm ki, razılaşmaların necə həyata keçiriləcəyi ilə bağlı kommunikasiya çatışmazlığı və anlaşılmazlıq olub", - o deyib.

XİN rəhbərinin sözlərinə görə, İranın xarici işlər naziri ilə telefon danışığından sonra problemin kökünü daha dərindən başa düşüb. Fidan vurğulayıb ki, yeganə həll yolu deeskalasiya olaraq qalır.

"Hər iki tərəf atəşkəs rejimini qoruyub saxlamağı və sülh sazişinə doğru irəliləməyi istəyir. Buna baxmayaraq, anlaşılmazlıq, təxribatlar və ya cavab tədbirləri səbəbindən hər zaman insident riski mövcuddur, buna görə də ehtiyatlı olmaq lazımdır", - nazir qeyd edib.

O, Qəzza zolağı ətrafındakı vəziyyəti şərh edərək bildirib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış "Sülh Şurası" hərbi əməliyyatların dayandırılmasında mühüm rol oynayıb, lakin xüsusilə də humanitar yardımın çatdırılması, əhalinin mənzil və dərmanlarla təmin edilməsi hissəsində bütün vədlərini hələ ki yerinə yetirməyib.

Fidan həmçinin vurğulayıb ki, Türkiyə özünün tarixi əlaqələri sayəsində regional münaqişələrdə vasitəçilik etmək üçün unikal mövqeyə malikdir.

"Biz hamını tanıyırıq, hər bir münaqişənin dinamikasını bilirik. Buna görə də düşünürəm ki, biz baş verənləri və münaqişələri dayandırmağa necə kömək edəcəyimizi ən yaxşı şəkildə anlayırıq", - o qeyd edib.

Nazirin sözlərinə görə, regional problemlər region ölkələrinin özləri tərəfindən həll edilməlidir.

"Əgər regionda hər bir tərəfin təhlükəsizliyini, siyasi suverenliyini və ərazi bütövlüyünü təmin edən yeni təhlükəsizlik anlayışına nail olsaq, bu, İrana göstərməlidir ki, biz öz sərhədlərimizə qayıda bilərik", - Fidan bildirib.

Onun sözlərinə görə, İran yeni reallıqları nəzərə almaq qabiliyyətindədir və ABŞ ilə İran arasında sülh sazişi əldə olunacağı təqdirdə, tərəflər konstruktiv dialoqa keçə biləcəklər.

"Cebheinfo.az"