Şamaxıda “Təhsilə yaxın, təhlükədən uzaq” layihəsi çərçivəsində monitorinqin nəticələri müzakirə olunub

Şamaxıda “Təhsilə yaxın, təhlükədən uzaq” layihəsi çərçivəsində monitorinqin nəticələri müzakirə olunub

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilə yaxın, təhlükədən uzaq” layihəsi çərçivəsində Şamaxı rayonunda keçirilən monitorinqin nəticələrinə həsr olunmuş konfrans təşkil edib.

"Cebheinfo.az" xəbər verir ki, layihənin icra planına uyğun olaraq 8 iyul 2026-cı il tarixində Şamaxı Rayon Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin, təhsil və mədəniyyət müəssisələrinin, Şamaxı Rayon Polis Şöbəsinin, digər aidiyyəti dövlət qurumlarının nümayəndələri və valideynlər iştirak ediblər.

Konfransın əsas məqsədi 3-4 iyun 2026-cı il tarixlərində Şamaxı rayonunda aparılmış monitorinq zamanı təhsildən yayınaraq məcburi əməyə (kənd təsərrüfatı, heyvandarlıq, tikinti, kafe və restoranlar, küçə ticarəti) və dilənçiliyə məcbur edirlən (ailələri və ya digər şəxlər tərəfindən) uşaqlarla bağlı əldə edilmiş nəticələrin müzakirəsi olub.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Gülayə Səfərova bildirib ki, monitorinq Şamaxı şəhəri ilə yanaşı Quşçu, Göylər, Dağ Bağırlı, Çuxuryurd, Nağaraxana və Dəmirçi kəndlərində, həmçinin Şamaxı–Lahıc avtomobil yolunun kənarında aparılıb. Onun sözlərinə görə, monitorinq zamanı 18 yaşına çatmayan uşaqlarının təhsildən yayınaraq küçə ticarətində, kənd təsərrüfatı və heyvandarlıq sahələrində çalışdıqları kütləvi xarakter almasa da, dərsdən yayınaraq bazarda lobya satan, heyvan otarmağa gedən, əkinçilik sahəsində işləyən, su daşıyan, küçədə gəzən uşaqlarla qarşılaşdıq. 

Layihə rəhbəri qeyd edib ki, monitorinq zamanı dərsə getməyən uşaqlar və onların valideynləri ilə profilaktik söhbətlər aparılıb, qeydə alınan faktlar fotoşəkillərlə sənədləşdirilərək konfrans iştirakçılarına təqdim edilib.

Müzakirələr zamanı Şamaxı Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Zakir Məlikov çıxış edərək təhsildən yayınan uşaqlarla bağlı polis tərəfindən mütəmadi profilaktik tədbirlərin və reydlərin keçirildiyini bildirib. O qeyd edib ki, həm uşaqlarla, həm də onların valideynləri ilə maarifləndirici söhbətlər aparılır, eyni zamanda aidiyyəti dövlət qurumlarına müvafiq məlumatlar təqdim edilir.

Yaradıcılıq Mərkəzinin direktoru Ayan Ələkbərova, Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Səadət Vəlizadə, 9 nömrəli tam orta məktəbin müəllimi Mətanət Daşdəmirova və digər çıxış edənlər də uşaqların təhsildən yayınmasının ciddi narahatlıq doğuran məsələ olduğunu vurğulayıblar. Bildirilib ki, bu istiqamətdə polis əməkdaşları, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorlar, sahə müvəkkilləri, məktəblər və digər aidiyyəti qurumlar arasında əməkdaşlıq davam etdirilir.

Çıxışlarda qeyd olunub ki, uşaqların təhsildən yayınmasının qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsi, maarifləndirmə işinin daha da gücləndirilməsi, eləcə də övladlarını təhsildən yayındıran valideynlər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi zəruridir.

"Cebheinfo.az"