Yardımlıda 2 min illik tarixə malik qədim tikilinin qalıqları tapıldı - VİDEO
Yardımlı rayonunun Urakəran kəndi ərazisində yerləşən antik dövrə aid yaşayış məskənində arxeoloji qazıntılar davam etdirilir. 2024-cü ildən aparılan tədqiqatlar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu, ABŞ-nin Kaliforniya Universiteti (Los-Anceles) və Hamilton kollecinin mütəxəssislərinin birgə iştirakı ilə həyata keçirilir.
"Cebheinfo.az" xəbər verir ki, qazıntılar zamanı eramızdan əvvəl II əsrin sonu - eramızın I əsrinə aid yaşayış tikililəri - uzunluğu təxminən 20 metr olan divar qalıqları aşkar edilib. Bundan əlavə, daha qədim, təxminən 2200 il əvvələ aid tikili qalıqları da müəyyən olunub.
Tədqiqatlar nəticəsində təsərrüfat küpləri, otaqlar, məişət əşyalarının qalıqları, eləcə də yaşayış məskənində baş vermiş güclü yanğının izləri üzə çıxarılıb.
Alimlərin fikrincə, abidə Azərbaycanın qədim Atropatena dövlətinə aid yaşayış məskənlərindən biridir və ölkənin cənub-şərq dağlıq ərazilərində bu dövrə aid ilk genişmiqyaslı tədqiqat hesab olunur.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun aparıcı elmi işçisi Ceyhun Eminli bildirib ki, hazırda tikililərin otaq hissələrinin yeri müəyyənləşdirilir və artıq müsbət nəticələr əldə edilib.
Daha ətraflı Real TV-nin sujetində:
"Cebheinfo.az"

